Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 16:46
Masallı rayon Mərkəzi Xəstəxanası COVID-19 əleyhinə birinci doza vaksin olunmaq üçün müraciət edənləri əliboş qaytarıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanadan bildirilib ki, birinci doza vaksin bitib və nə vaxt olacağı da məlum deyil.
Məsələ ilə əlaqədar Masallı rayon Mərkəzi Xəstəxanasında baş həkimin səlahiyyətlərini icra edən Rasim Əzizovla əlaqə saxladıq. O, peyvəndin birinci dozasının dayandırıldığını təsdiqlədi və bildirdi ki, bu Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb:
"Bu məsələ bizim xəstəxana ilə bağlı məsələ deyil. Nazirlər Kabinetinin qərarıyla respublikada birinci doza vaksinlərin vurulması dayandırılıb. Çünki vaksinlər ancaq ikinci dozanı təmin edir. Rusiyadan və digər ölkələrdən peyvənd alınacaq və ondan sonra da yenidən peyvəndlənməyə başlanılacaq".
Yaranmış problemlə bağlı TƏBİB və Nazirlər Kabinetinə sorğu ünvanladıq. TƏBİB-dən verilən cavabda qısa olaraq, bölgələrdə vaksinasiyanın davam etdirildiyi bildirilib.
Nazirlər Kabineti isə məsələyə münasibət bildirməyib.
Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb. Son məlumatlara görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 458,958 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Qeyd edək ki, indiyə qədər ölkəyə 1 milyon 63 min doza vaksin gətirilib.