Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çay əkən ölkədən çay alan ölkəyə çevrilirik

Çay əkən ölkədən çay alan ölkəyə çevrilirik

Tarix: 18 Mart 2021 08:44

"Rusiyada hökumət hər hektar çay yetişdirilməsinə 1000 dollar yardım edir. Bizdə isə bu baxımdan da vəziyyət ürəkaçan deyil"

Azərbaycanda bitkiçiliyin ənənəvi sahələrindən biri də çayçılıqdır. Vaxtilə bu sahədə şan-şöhrət qazanan ölkəmizdə çayçılığın tənəzzülə uğraması indi özünü daha qabarıq şəkildə göstərir. Ötən illərdə bu sahənin tənəzzülü özünü çay plantasiyalarının sayının azalmasında, eləcə də istehsalın aşağı düşməsində göstərib.

Azərbaycanda çayçılığın şöhrətini geri qaytarmaq üçün atılan addımlardan danışan iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, çayçılığın inkişafı Azərbaycanda qədim ənənələrə malikdir. İqtisadçı-ekspert bildirib ki, əsas hissə Cənub bölgəsində cəmləşib:

"Sovet dövründə də Azərbaycan çayı xüsusi adla qeyd edilirdi. 1880-ci ildə Azərbaycanın Xəzər dənizi ətrafında ilk çay yetişdirilib. Bundan əlavə bildiyiniz kimi Şəki-Zaqatala bölgələrində də çay yetişdirilir. İndi də Azərbaycan çayı deyərdim ki, dünya brend çaylarından geri qalmır. Xaricdə yaşayan həmvətənlərimiz qeyd edirlər ki, bura gələn çay xüsusi dada malikdir və biz onu sevə-sevə alırıq.

Sonxeber.net sherg.az-a istinadən bildirir ki, ölkədə də çayçılığa xüsusi yer verilir. Amma son zamanlar ölkəmizdə çayçılıq ikinci plana keçib. Bunun səbəbi nədir? Çünki ölkədə çay istehsalı baha başa gəlir. 20 min ton çay ehtiyacının yalnız 10 faizini yerli çay ödəyir".

R.Qarayev əlavə edib ki, yerli istehsalçılar xaricdən çay almağı daha ucuz hesab edirlər:

"Məhz bu baxımdan da yerli mal kənarda qalır. İkinci səbəb isə kadr probleminin olmasıdır. Çünki ölkədə iqtisadi sahədə daha çox kadr yetişir, nəinki aqrar sahədə. Kadrların yetişdirilməsi üçün onlar beynəlxalq təcrübələrə göndərilmir. Bu baxımdan da ölkədə kadr yetişidirilməsi qənaətbəxş deyil. Qeyd edim ki, Rusiyada hökumət hər hektar çay yetişdirilməsinə 1000 dollar yardım edir. Bizdə isə bu baxımdan da vəziyyət ürəkaçan deyil. Bəzi hallarda yardımlar tam ünvana belə çatmır.
Müəyyən adamların iş birlikləri nəticəsində onlar kağız üzərində qeyd olunsa da, iş prosesində bu görünmür. Digər səbəb isə ölkədə satılan çayın keyfiyyəti eksporta gedən çaydan çox aşağı səviyyədədir.

Ona görə də istehlakçı məcbur olur ki, yerli maldan imtina etsin. Baxmayaraq ki, Azərbaycanda yaşayan xalqlar daha çox çay içən xalqlardan hesab olunur. Yəni istənilən evdə gündəlik çaydan istifadə olunur. Əgər yerli mal piştaxtada qalırsa, deməli, problem ciddidir. Çox zaman çay alarkən baxırsan ki, stəkanın dibində çöküntü qalır. Halbuki, bu bulanıq çöküntü çayda olmamalıdır. Təəssüf ki, ölkədə çay fabrikləri artıq sıradan çıxmaq üzrədir. Alıcı bazarının tapılması və ya xaricə üz tutmaq üçün gərək yerli istehsal yüksək səviyyədə olsun. Bu isə ortada görünmür.

Ölkədə çay istehsalçılarına yüksək formada vergi, gömrük, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar tərəfindən dəstək olmalıdır. Bu olmasa, bizim çay ənənəmiz tarixə qovuşacaq və biz çay istehsal edən ölkədən çay alan ölkəyə çevriləcəyik".


Etiketlər:  Çay əkən ölkədən çay alan ölkəyə çevrilirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ