Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdama qayıdış - Yunus Oğuz yazır

Ağdama qayıdış - Yunus Oğuz yazır

Tarix: 18 Mart 2021 14:34

Təəssüratlarım...

Orada zaman dayanıb...

Orada ruhlar dolaşır...

Orada Elçin Mirzəbəylinin Rəşad Məcidin nisgilinə həsr etdiyi nə "Kabus qatarı" var, nə  Aqil Abbasın bir gün də dilindən düşməyən səsli-küylü, danışıq tərzinə görə hamıdan seçilən, hörməti, izzəti özündən əvvəl deyilən  Ağdam var, nə də ağdamlılar...

Orada dağılmış kəndlərin, şəhərin, tək bir tini qalmış evlərin daşlarının, ağaçların, kolların, ən əsası da otuz il boyunca şəhid olanların, qurbətdə həsrətlə üzü Ağdama baxıb ölənlərin ruhları var.

Orada dəfn olunmuş insanların dağıdılmış qəbirlərinin  ruhları dolaşır. Hər addımda dağılmış,  viran qalmış, param-parça olmuş evlərin, yalnız bir layı qalmış daşların, sökülmüş binaların arxasından ruhlar küskün halda bizə boylanıb baxır, havanın ab-havasında elə bil fırtına yaradır, mənfi enerjini üstümüzə tökürdülər. Elə bil bizə məzəmmətedici sual verirdilər:

-İndiyə qədər harda idiniz? Niyə bu qədər gec gəldiniz? Niyə ruhlarımızı əməllərinizlə göylərə göndərmirsiniz?

Bu sualları beynimdə təkrarladıqca hiss edirəm ki, ruhların əsirinə çevrilirəm. Başımda ağrılar başlayır. Ağdamın mənfi enerjisi məni sıxır, dilimi lal edib, keyləşdirib, danışmağa da heyim qalmayıb... Hara gedirdiksə ruhları görürdüm. Pənahəli xanın, İbrahimxəlil xanın, Natəvanın, Bağırovların, minlərlə şəhid olmuş fədailərin ruhları məni rahat buraxmırdı.

Orada zaman dayanıb... axı ruhların zamanı olmur. Ağdamdakı ruhların zamanı olmasa da, özləri Ağdam adlı məkana əsir düşüblər.

Orada qoyun-quzu mələrtisi, quşların cikkildəşməsi, insanların sevincli, kədərli səsləri eşidilmir, çünki orada zaman dayanıb...

Amma hər şey necə gözəl başlamışdı.

Səhər saat səkkizdə, bayram əhval-ruhiyyəsində (bir gün qabaq ilaxır çərşənbəni qeyd etmişdik) cənab Prezidentin təşəbbüsü, Prezident Aparatının siyasi partiyalarla əsasən sədrləri, bir neçə politoloq, "Real" TV-nin prezidenti Mirşahin və onun və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə qırx səkkiz partiyanın operatoru Bakıdan Qalib ölkənin vətəndaşları kimi Ağdama yola düşdük. Məqsəd də erməni vəhşiliyini, qəbilə təfəkkürünü, vandallığını öz gözlərimizlə görmək, bütün bunları ictimaiyyətə çatdıraq, əhali arasında təbliğatı daha da gücləndirək və onları icazəsiz işğaldan azad olunmuş ərazilərə getməkdən çəkindirmək idi. İnsanların torpaqlarımıza icazəsiz səfəri çox zaman ölümlə nəticələnir. Bunun da qarşısını təkcə inzibati qayda ilə deyil, həm də təbliğatla almaq lazımdır. Elə səfərdən bir gün qabaq bu istiqamətdə altı nəfərlik ailə minaya düşmüş, ikisi həyatını itirmişdi.

Yolda deyib gülürdük, müxtəlif mövzular müzakirə edirdik. Sabir Rüstəmxanlı yeni yazdığı "Qarabağa qayıdış" poemasından əzbər deyir. Fəzail Ağamalı və Eldar Namazovla Qarabağın və Ermənistanın, ümumiyyətlə ermənilərin gələcəklərindən danışır, Mirmahmud ağa dinin imkan verdiyi istiqamətdə ermənilərin qətlə yetirdiyi şəhidlərimiz haqqında söhbətlər edir, arada Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyev söhbətimizə dəstək verir, bir sözlə əsl yol adamı kimi səmimi şəkildə istənilən mövzuya qoşulurdu.

Deyim ki, onun buna intellekti kifayət qədər imkan verir. Deyim ki, o təkcə siyasətin deyil, həm də ədəbiyyatımızın mükəmməl bilicisidir. Söhbətlərin birində Ədalət müəllimin işğaldan azad olunmuş əraziləri Xəqaninin "Mədain xarabalıqları" ilə müqayisə etməsi çox şeydən xəbər verirdi. Bir sözlə hər şey yaxşı idi, ta keçmiş təmas xəttinə gəlib çıxana qədər. Bizi orada Ağdam İcra Hakimiyyətindən nümayəndə qarşıladı. O bizim bələdçimiz olacaqdı. Təmas xəttini keçdik. Beş qat istehkamları yol boyu gördükcə cənab Prezidentin Ağdamı, Lacını, Kəlbəcəri ermənilər tərəfindən bir güllə atmadan boşaldılması,  neçə əsgərimizin şəhid olmasının qarşısını alması böyük siyasətdə ustalığından xəbər verirdi. Ermənilərin təslim aktına qol çəkməsi neçə anaları göz yaşlarından xilas etdi.

Təmas xəttindən uzaqlaşdıqca ermənilərin hər yeri göstəbək qazması gözümüzü deşir. Yeri gəlmişkən ATƏT-nin müşahidə qrupu illərlə buralara gəlib-gedir, guya monitorinq aparırdılar. Bəs bütün bunları görmürdülər? Niyə onlara "gözün üstə qaşın var" demirdilər? Müharibədən sonra aydın olur ki, nə Avropanın, nə də ermənilərin bu torpaqları qaytarmaq fikirləri olmayıb, yoxsa milyonlar xərcləyib bu istehkamları, sədləri tikməzdilər.

Yuxarı Qərvənddə maşınlarımız dayandı. Avtobuslardan yerə düşənlərin üzlərinə baxdı. Bayaqkı əhval-ruhiyyədən əsər-əlamət yox idi. Ədalət müəllimin, onun işçilərinin - Səbinə xanımın, Qafar müəllimin, Turqay bəyin, partiya sədrlərinin, politoloqların sifətləri elə bil donmuşdu. Səbinə xanımın gözləri yaşarmışdı. Suallar cox idi. Uzundərədə isə bu suallar lap çoxaldı. Qəbiristanlıq yer üzündən tamam silinmişdi. Baş və sinə daşları oğurlanıb aparılmışdı. Bütün qəbiristanlıqlarda eyni vəziyyət idi, hətta Ağdamın şəhidlər qəbiristanlığında şəhidlərin qəbirlərini qazıb sümüklərini oğurlamışdılar.

 

Yahu, bu vandal ermənilər dirilərimizlə, yoxsa ölülərimizlə müharibə aparıblar? Donub sifətlərdən və gözlərdən bu sualı oxuyurdum.

Onlar təkcə dirimiz və ölümüzlə deyil, həm də tariximiz, milli adətlərimiz, torpağımızın rəngilə müharibə aparıblar. Bizə aid olan hər şeyi silmək istəyiblər. Sanki buralar türk torpaqları olmayıb, ermənilərsə buralarda guya min illərdir yaşayıblar.

Sonrası mayası saxtakarlıqla yoğrulmuş haylar üçün bütün bunları dünyaya çatdırmaq cətin olmayacaqdı. Demək onların işğal olunmuş torpaqları qaytarmaq niyyətləri olmayıb.

Bütün bunları Ədalət müəllim sonuncu məntəqəmiz Şahbulaq üstündə deyəcəkdi.

Eyni zamanda qarşıdan gələn bahar bayramımızı 1991-ci ildən ilk dəfə olaraq qalib kimi qarşılamağımızı söyləyəcək, Prezident adından bizləri təbrik edəcəkdi.

Şahbulaqda Sabir bəylə bir yerdə bulağın suyundan içdik, "çayotunu" dərib yedik. Etiraf edim ki, çox dadlı idi. Yolda sülhməramlılarla rastlaşdıq. Qanımız qaralsa da, anlayırıq ki, onlar da buralarda ermənilər kimi daimi deyillər. Hələliksə Əsgəranda bizimkilər arasında mövqe tutublar. Hər yerdə ordumuzun əsgərlərini görürdük. Ona görə də buralarda tam əminliklə gəzirdik, çünki güvəndiyimiz dövlətimiz, Prezidentimiz, ordumuz var.

Bir məsələnin üstündən keçsəm özümü bağışlamaram. Deməli bu bicliyindən gicə dönmüş ermənilər Şahbulaqda Pənahəli xanın qalasını restorana çevirmişdilər. Tarixi abidəni pis günə qoyublar.

Yadıma hardansa Kəlbəcəri boşaldanda özləri ilə unitazlarını aparmaları düşdü. Fikirləşdim ki, restoranın da tualeti var, qoy gedim baxım. Getdim baxdım da. Bütün unitazları söküb aparmışdılar. Deyəsən onların mənfur adlarına yeni bir ad da əlavə edəcəyik: "Unitaz erməni..."

...Orada zaman dayanıb.

Orada ruhlar dolaşır.

Hətta mənə elə gəldi ki, Ağdamda sonuncu futbol matçına baxıram: Qarabağ-Turan. Deyəsən Qarabağ Turanın Qızıl Alması olacaq...

...Geri qayıdırıq qarışıq hisslərlə, amma hiss edirəm ki, Qarabağa, eləcə də Ağdama qayıdışımız möhtəşəm olacaq. Yenidən insanların səsi eşidiləcək, quzular mələşəcək, quşlar civildəyəcək, ağaclar çiçək açacaq və bir daha buralarda güllə səsləri eşidilməyəcək. Ağdamdan süd ətri gələcək, Ağdamda toy çadırları qurulacaq, körpə səsləri gələcək.

Tələsməyin, lap az qalıb. Zamansa öz ahəngi ilə axıb gedəcək, daha donmayacaq.

Bakı-Ağdam-Bakı

17.03.21.


Etiketlər:  Ağdama qayıdış Yunus Oğuz yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ