Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 12:16
Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankının sədrinin istefaya göndərilməsindən sonra ilk birja günündə türk lirəsi dollar qarşısında kəskin ucuzlaşıb.
Dolların məzənnəsi 16%-dən çox bahalaşaraq 7,2 lirədən 8,49 lirəyə yüksəlib. Daha sonra dolların məzənnəsi 8,04 lirəyə enib. Avro ilə bağlı da oxşar proses baş verib. Birjada ticarət başlayan kimi avro 9,74 lirəyə yüksəlib, daha sonra 9,22 lirəyə enib.
Maraqlıdır, Azərbaycanda da dolların bahalaşması gözlənilirmi?
Sonxeber.net xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli sfera.az-a açıqlamasında qeyd edib ki, Türkiyədə dolların bahalaşmasının Azərbaycana birbaşa təsiri olmayacaq:
"Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Amma Türkiyədə baş verən hadisələrin istər-istəməz, psixoloji olsa da, ölkəmizə müəyyən dərəcədə təsirləri olacaq, yəni iqtisadiyyatımızda basqılar yaradacaq. Ən azından Türkiyə məhsullarının Azərbaycana gətirilməsi ilə bağlı müəyyən dərəcədə qiymətlərin dəyişməsinin şahidi olacağıq".
İqtisadçı məsələnin pozitiv tərəfindən də söz açıb: "Türkiyə məhsullarının Azərbaycan bazarında ucuzlaşmasını gözləmək olar. Amma həmişə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan kimi qonşu ölkələrdə milli valyutalar dəyərdən düşəndə Azərbaycan manatına da psixoloji təzyiqlər artır".