Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəfəq-Asiman'' yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub

''Şəfəq-Asiman'' yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub

Tarix: 24 Mart 2021 14:48

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edilmişdir. Bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb. Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq."Şəfəq-Asiman" blokunda kəşfiyyat işləri SOCAR və bp şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılmış və SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilmişdir. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "bp şirkəti ilə SOCAR-ın əməkdaşlıq tarixi 30 ilə yaxın bir dövrü əhatə edir. Bu dövr ərzində qlobal əhəmiyyətə malik bir çox layihələr həyata keçirilmişdir. Bu əməkdaşlığın məhsulu olan layihələrin sırasına Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi, Baku-Tbilisi-Ceyhan boru kəməri, "Şahdəniz", Cənub Qaz Dəhlizi və ona aid olan Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri kimi nəhəng layihələr daxildir. Hazırda bp-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır. bp Azərbaycanın neft-qaz sənayesinin ən böyük xarici investorudur.

Bu gün biz ənənəvi tərəfdaşımız olan bp ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də "Şəfəq-Asiman" perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatmışdır. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına, və nəticə etibarı ilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töfhə verəcəkdir. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər.

Bu uğur münasibəti ilə Azərbaycan xalqını, Azərbaycan neftçilərini, bp və SOCAR şirkətlərini təbrik edirəm".

Xatırladaq ki, "Şəfəq-Asiman" yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1100 kvadrat metr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. "Şəfəq-Asiman" strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunmuşdur. 7 oktyabr 2010-cu il tarixində SOCAR və bp şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında saziş imzalanmışdır. Sazişin müddəti 30 il, tərəflərin hər birinin iştirak payı 50% müəyyən edilmişdir. Sazişə əsasən bp şirkəti 2012-ci ildə "Şəfəq-Asiman" blokunda 3D seysmik ölçü işlərini yerinə yetirmisdir. Əldə edilmiş məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda qazılacaq ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirmiş və 2020-ci ildə quyunun qazılmasına başlamışlar.


Etiketlər:  Şəfəq Asiman yatağında kondensat ehtiyatları aşkar olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ