Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suyun qabağını kəsən “Əjdaha” - VİDEO

Suyun qabağını kəsən “Əjdaha” - VİDEO

Tarix: 29 Mart 2021 11:50

Süveyşdəki gəmi tıxacı iqtisadiyyata hər gün milyardlarla ziyan vurur.

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzası dünya iqtisadiyyatına təsir etməklə yanaşı, fərqli birjalara, o cümlədən strateji məhsulların qiymətlərinə də təsirsiz ötüşməyib. Nəzərə alsaq ki, kanal vasitəsilə Orta Şərqdən Avropaya mayeləşdirilmiş təbii qazın əsas hissəsinin nəqli həyata keçirilir, onda bu qəzadən ən çox zərər çəkən də məhz Avropa iqtisadiyyatı olacaq. Araşdırma nəticəsində məlum olub ki, keçən il kanal üzərindən Qətərdən Avropaya həftədə təxminən beş ədəd olmaqla, ümumilikdə 260-a yaxın LNG, yəni təbii qaz yükü göndərilib. Hazırda aprelin ilk həftəsində Avropadakı LNG terminallarına çatdırılması planlaşdırılan, ancaq Süveyşdə Aralıq dənizini keçməyi gözləyən üç dolu LNG gəmisi var. Bundan başqa, Ərəbistan dənizindən Süveyş kanalına gedən 1 milyon kubmetr tutumlu iki gəminin də mövcud şərtlər daxilində Avropaya çatması qeyri-mümkün görünür.

"Rystad Energy" Təbii Qaz və Elektrik Bazarlarının rəhbəri Torres Diaz Avropada artan temperaturla təbii qaz tələbinin azalmağa başladığını, ancaq qitədə aşağı yeraltı saxlama səviyyələrini yeniləmək üçün mütəmadi olaraq LNG tədarükünə ehtiyac olduğunu bildirib:

"Süveyş kanalından həftədə orta hesabla beş gəmi keçir. İki həftəlik bir qapanma təxminən 2 milyon kubmetr LNG-nin Avrapaya çatdırılmasını gecikdirə bilər. Ən pis ssenari olan dörd həftəlik bir qapanma isə təxminən 4 milyon kubmetr yükün çatdırılmasını gecikdirmiş olacaq".

Torres Diaz yolun bir həftə içində keçidə hazır vəziyyətə gəlməsi halında belə kanalı keçmək üçün uzun bir gəmi tıxacı yaranacağını deyib:

"Yolun açılması nə qədər uzun çəkərsə, gəmi tıxacı o qədər uzun olacaq".

Vüqar Bayramov belə vəziyyətdə alternativ marşrutların önəminin daha da artdığını deyir.

Qeyd edək ki, hazırda Süveyş kanalından keçmək üçün növbə gözləyən 276 gəmi var.

Xatırladaq ki, Yaponiyanın "Shohei Kisen" şirkətinə məxsus və Panama bayrağı altında üzən 400 metr uzunluğunda "Ever Given" konteyner gəmisi martın 23-də Süveyş kanalının 151-ci kilometrliyində güclü külək və qum qasırğası səbəbindən istiqamətini dəyişib və əks tərəfə dönərək kanalın hər iki sahilində torpağa oturub. Gəmini dartaraq yerindən tərpətmək hələlik mümkün olmayıb. Gəminin kanalda hərəkəti tam dayandırması nəticəsində digər gəmilərin də yolu bağlanıb. KİV-in yazdığına görə, hazırda torpağa ilişib qalan gəmidə təxminən 10 milyon barel neft və neft məhsulları var.


Etiketlər:  Suyun qabağını kəsən Əjdaha VİDEO


RƏYLƏR