Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 14:50
Baş nazir İrakli Qaribaşvili məşhur rus jurnalist Vladimir Pozner və dostlarının Gürcüstana səfərinə münasibət bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, hökumətin bu gün keçirdiyi iclasda Poznerin ölkə qanunlarına uyğun olaraq Tbilisiyə gəldiyini açıqlayıb.
"Vladimir Pozner ABŞ vətəndaşıdır, "İşğal olunmuş ərazilər haqqında" qanunu pozmayıb. Tez-tez ABŞ vətəndaşı pasportu ilə Gürcüstanı ziyarət edir. Bu isə xüsusi səfər idi. Özünün və yanında olanların "COVID-19" pasportları və mənfi PCR nəticələri var idi. Hər şey qanun çərçivəsində idi",- deyə Qaribaşvili qeyd edib.
Eyni zamanda, Baş nazir baş verən hadisədə müxalif "Milli Hərəkat" partiyasının əli olduğunu iddia edib, həmçinin Saakaşvilini də vəziyyətdən sui-istifadə etməkdə ittiham edib.
"Bir qrup vətəndaşımız etiraz qərarına gəlib. Ölkənin ən destruktiv qüvvəsi "Milli Hərəkat" bundan istifadə edərək hadisəni öz gündəliyinə saldı. Bu dəfə Saakaşvilinin hədəfi təxribat yaratmaq və ölkəmizə maksimum ziyan vurmaqla Gürcüstanın beynəlxalq imicini zəiflətməkdir. Və bu dəfə bütün bunları ölkəmizin turizmə qismən açılması fonunda etdilər" ,- deyə o əlavə edib.
Qeyd edək ki, Gürcüstanda qüvvədə olan "İşğal olunmuş ərazilər haqqında" qanuna görə, rəsmi Tbilisinin icazəsi olmadan Abxaziya və Cənubi Osetiyaya səfər etmək qanunsuzdur. Bu adddım böyük miqdarda cərimə və ya dörd ilə qədər həbs cəzası ilə cəzalandırılır.