Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk dövlətlərinin hər cür təhlükəyə qarşı səfərbər olmağının zamanıdır

Türk dövlətlərinin hər cür təhlükəyə qarşı səfərbər olmağının zamanıdır

Tarix: 3 Aprel 2021 10:06

"Minsk qrupunun fəaliyyətinin "sıfır effektivliyi"nə, illər ərzində xarici havadarlarının Ermənistanda göstərdikləri dəstəyə baxmayaraq Azərbaycan kağız üzərində qalan BMT qətnamələrini özü icra etdi".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, türk dövlətləri hər cür təhlükəyə qarşı səfərbər olmalıdır:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin, zabitlərimizin, qazilərimizin canı-qanı bahasına əzəli torpaqlarımız işğaldan azad edildi. 44 günlük Vətən müharibəsinin gedişində yürütdüyümüz haqq işinə hər gün, hər an Türkiyənin Prezidenti sayın Rəcəb Tayyip Ərdoğan, eləcə də Türkiyənin ayrı-ayrı rəsmi şəxsləri və sadə xalq qətiyyətlə dəstək olmuş və əminliklə Azərbaycanın tək olmadığını bildirib. Şuşanın azad olunması ilə əlaqədar Prezident İlham Əliyevi və Azərbaycan xalqını ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan oldu. Türk Şurası 2020-ci ilin sentyabrın 28-də müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama verdi. 

Əslində, 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələndisə, digər bir yandan da sübut etdi ki, suveren türk milli dövlətlərinin daha sıx müttəfiqliyini zəruri edən yeni geosiyasi vəziyyət yaranıb. Belə ki, Rəcəb Tayyip Ərdoğanın başçılığı ilə Türkiyənin heç bir dövlətin itaətkar müttəfiqi olmadan yürütdüyü xarici siyasət, istər Liviyada, istərsə də Suriyada hərbi əməliyyatlar həyata keçirməsi, istərsə də S-400-lərin alınması ilə bağlı Qərbin sərgilədiyi mövqe, Şərqi Aralıq dənizi regionunda enerji resurslarını zəbt etmək məqsədilə Fransanın Türkiyəni regionda sıxışdırmaqdan ötrü etdiyi basqınlar zamanı Azərbaycanın Türkiyənin mövqeyini qeydsiz-şərtsiz dəstəkləməsi, eynilə Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi, Türkiyənin bu məsələdə qəti mövqeyi, son ana qədər Azərbaycanın yanında olması, buna paralel olaraq Azərbaycana, Türkiyəyə qarşı xaricdən təsirlərin və təzyiqlərin pik səviyyəyə çatması türk dövlətlərinin bundan sonra birlikdə olmağının labdülüyünü bir daha sübut etdi. Yaranmış vəziyyət ondan xəbər verir ki, hər cür təhlükəyə qarşı səfərbər olmağımızın zamanıdır".

Hər bir türk dövləti ayrı-ayrılıqda müstəqil siyasət yürütsələr də böyük güclərin təzyiqlərinə cavab vermək üçün bir olmalıdırlar:

"Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşü, səsləndirilən bəyanatlar, verilən mesajlar türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətinin növbəti təzahürüdür. 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır". fikrini səsləndirməsi, əslində, türk dövlətlərini birliyə səsləyən açıq bir mesaj idi. 

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev Zəngəzur dəhlizi və Naxçıvanla kommunikasiyanın açılmasının Türk dünyası üçün əhəmiyyətini hələ 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə bildirmişdi ki, bu faktın özü bir daha ölkə başçımızın nə qədər uzaqgörən bir siyasətçi olduğundan xəbər verir. Zəngəzurun qoparılması ilə türk aləminin vahid bir platformada fəaliyyətinə yaradılan əngəlləri aradan qaldırmaq üçün türk dövlətlərinin ümumi səyləri mühüm əhəmiyyət kəsb edir.

Hər bir türk dövləti ayrı-ayrılıqda müstəqil siyasət yürütsələr də böyük güclərin təzyiqlərinə cavab vermək üçün bir olmalıdırlar. Bölgədə yaşanan son hadisələr bu reallığı bir daha sübut etdi".

Təhməz Əsədov


Etiketlər:  Türk dövlətlərinin hər cür təhlükəyə qarşı səfərbər olmağının zamanıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ