Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərxalça”: Yaradılan şərait keyfiyyətli xalça toxunmasına imkan verir (FOTO)

“Azərxalça”: Yaradılan şərait keyfiyyətli xalça toxunmasına imkan verir (FOTO)

Tarix: 17 Aprel 2019 11:05

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ötən il fəaliyyətə başlayan filiallarından biri də Şabrandakı xalça istehsalı emalatxanasıdır.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu bölgə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba qrupu xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Bu bölgədə toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır.

Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

Keyfiyyəti, tarixi keçmişimizi özündə yaşadan zəngin naxışları ilə seçilən Quba xalçalarının toxunduğu bölgədə “Azərxalça”nın 3 filialı yaradılıb. Cəmiyyətin Quba filialı 2017-ci ilin dekabr ayında, Xaçmaz filialı isə ötən ilin may ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2018-ci ildə “Azərxalça” bu bölgədə daha bir filial yaradıb. Dövlət başçısının “Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 28 fevral 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilən filial binasında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ötən ilin sonlarında burada xalça istehsalına başlanılıb.

Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Hazırda burada 60 nəfərə yaxın toxucu çalışır. Onlar Səhmdar Cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər.

Filialın direktoru Kəbirə Vəlibəyova deyir ki, fəaliyyət göstərdiyi dövrdə Şabran filialında qədim zamanlardan bu ərazidə yaradılmış tarixi çeşnilər əsasında xalçalar toxunub. Toxucular bu işə həvəslə yanaşır, hər kəs daha yaxşı xalça toxumağa çalışır. Filialın toxucuları arasında bir əmək yarışı gedir. Hər toxucu həm daha çox, həm də keyfiyyətli xalça toxumağa səy göstərir.

Bu bölgədə toxunan, öz keyfiyyəti ilə seçilən xalçaların əksəriyyəti məhz indiki Şabran rayonunun kəndlərində ərsəyə gətirilib. Filal direktoru fikrini əsaslandıraraq 1926-cı ilin 23-24 mart tarixlərində Qafqaz Dövlət Ticarəti Təşkilatının Azərbaycan Şöbəsi tərəfindən Quba bölgəsində keçirilmiş “Xalq sənəti bayramı”nı xatırladır. Bildirir ki, məhz bu bayramın Qubada keçirilməsinin məqsədi bölgənin toxuculuq ənənələrinin gələcəkdə daha da inkişafına təkan vermək olub. Sərgidə nümayiş etdirilən 200-dən artıq nəfis xalçadan birinci, ikinci və üçüncü yerləri indiki Şabran rayonunun Pirəbədil kəndində toxunan xalçalar tutub. Bütün bunlar onu deməyə əsas verir ki, “Azərxalça”nın Şabran filialında keyfiyyətli və orijinal xalçalar toxunacaq.

Onlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirən toxucu Rəhimə Əmirova deyir ki, Şabranda xalça emalatxanasının yaradılması rayonda yaşayan bütün toxucuların hədsiz sevincinə səbəb olub. Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Bizim gözəl, işıqlı emalatxana binamız, işə gəlib-getmək üçün nəqliyyat vasitəmiz var. Rayonumuzda xalça emalatxanasının yaradılması həm xalçaçılığın yaşadılmasına, həm də toxucu qadınların işlə təmin olunmasına imkan verib.

Gənc toxucu Rumayə Əlibabayeva xalçaçılığın sirlərini “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda öyrənib. Xalça toxumağa uşaqlıqdan həvəsi olduğunu vurğulayan Rumayə bildirir ki, Şabranda emalatxananın yaradılması onun arzularının reallaşmasına imkan verib: “Həmişə anama deyirdim ki, mənə xalça toxumağı öyrətsin. Ancaq nəinki məni öyrətməyə, heç özünün xalça toxumağa həvəsi yox idi. Xalça toxumaq üçün şəraitin olmaması insanları bu sənətdən uzaqlaşdırmışdı. Rayonumuzda xalça fabriki açılandan sonra anamla burada işləməyə gəldik. “Azərxalça”nın təşkil etdiyi kursda həm xalça toxumağı, həm də xalçaçılıq tariximizi öyrəndim. İndi hər ikimiz burada işləyir, xalçaçılığın inkişafına, yaşadılmasına biz də öz töhfəmizi verməyə çalışırıq. Bizə yaradılan şəraitə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minətdarlığımızı bildiririk”.

“Azərxalça”nın Şabran filialı qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq bu emalatxananın ilk xalçaları kəsilib. İndiyədək burada 150 kvadratmetrdən çox xalça toxunub. Filial öz fəaliyyətini günü-gündən genişləndirir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərxalça Yaradılan şərait keyfiyyətli xalça toxunmasına imkan verir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ