Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 13:00
"Nikol Paşinyan indi əzab içindədir. Moskva ona etibar etmir, Qərb də ona etibar etmir, çünki o ümidləri doğrultmadı. Ona sahib olan yalnız ölkə daxilindəki etimadını qazandığı seçicilərin əksəriyyətidir".
Bunu Sonxeber.net-a açıqlamasında Valdai Beynəlxalq Müzakirə Klubunun eksperti, rusiyalı politoloq Fərhad İbrahimov deyib.
Politoloq bildirib ki, Rusiya həqiqətən dost hesab etdiyi Azərbaycana xüsusi əhəmiyyət verir:
"Ermənistan silahlı qüvvələrinin Qarabağda Azərbaycan ordusuna təslim olmasına və itkisinə baxmayaraq müxalifət xalqın təxminən 40% dəstəyinə sahibdir. Bu rəqəm hakimiyyət üçün imkan verir ki, ölkəni hələ bir ildən çox idarə etsin. Ölkə xaricindən dəstək isə başqa bir məsələdir. Diasporanın Paşinyanı dəstəkləməyəcəyi aydındır, ona görə də Rusiya rəsmilərindən dəstək axtarır. Paşinyanın Rusiya ilə ortaq qoşun yaratmağın zəruriliyini elan etməsi, onun şəxsi təşəbbüsüdür və o məsuliyyətsizdir, çünki Paşinyanın Rusiya, xüsusən də ordusu haqda danışmaq səlahiyyəti yoxdur.
Əgər Paşinyan Rusiya ilə ortaq qoşun yaratmaq istəyirsə, bu halda Ermənistan Rusiyanın bir hissəsinə çevrilməlidir, amma bu başqa sualdır. Bildiyiniz kimi, Moskva, KTMT çərçivəsində Rusiyanın Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində mümkün qədər bitərəf olmağa çalışır. Bu o deməkdir ki, Rusiya həqiqətən dost hesab etdiyi Azərbaycana xüsusi əhəmiyyət verir.
Ancaq Paşinyan nəzərə almır ki, istər Azərbaycan, istərsə də Rusiya təkcə hər iki ölkə üçün yox, bütün Zaqafqaziya bölgəsi üçün xüsusi əhəmiyyət kəsb edən Rusiya-Azərbaycan münasibətlərini pozmağa yönəlmiş təxribatlara əl atmayacaqlar".
Təhməz Əsədov