Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 13:06
Ukrayna və Rusiya arasında münasibətlər getdikcə gərginləşir. Tərəflərin sərhəddə qoşun yığması müharibə ehtimalını bir qədər də artırır. Belə həssas məqamda Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etməsi çoxsaylı suallar doğurur.
Maraqlıdır, Azərbaycanın Vətən Müharibəsində olduğu kimi, Türkiyə Ukraynaya da dəstək verəcəkmi?
Sonxeber.net xəbər verir ki, Qqlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli yenisabah.az-a açıqlamasında bildirib ki, danışıqlar nəticəsində yayılmış bəyanatda problemin sülh yolu ilə həll edilməsi ideyası var:
"Türkiyə tərəfinin gərginliyin sülhlə sonlanacağına ümid bəslədiyi qeyd edilir. Bəyanat bəyanatdır, mətbuat üçün səsləndirilən fikirlər sadəcə bir sözdür. Amma bütövlükdə Türkiyənin, onun əhalisinin qəlbi Ukrayna ilə bağlıdır. Məsələn, Ərdoğan söz verdi ki, bu il avqustun 20-də "Krım Ukraynanındır" başlığı altında keçiriləcək forumda iştirak edəcək. Bunun özü çox şey deyir. Hər iki ölkənin hərbi sənaye kompleksi arasında əlaqələrin dərinləşdirilməsi məsələsi də ciddi əhəmiyyətə malikdir. Artıq Türkiyə Ukraynaya 50-yə yaxın "Bayraktar-2" pilotsuz uçuş aparatları göndərib. Həmin aparatlar kəşfiyyatda, separatçıların mövqelərinin bombardıman edilməsində iştirak edir".
Politoloq diqqətə çatdırıb ki, Rusiyanın məsələlərə müdaxilə edəcəyi təqdirdə, NATO Ukraynanın arxasında dayanacaqsa, Türkiyə NATO ölkəsi kimi də Ukraynaya kömək edəcək:
"Birdən-birə durub səs-küy salmağa heç bir ehtiyac yoxdur. Onsuz da 7 ildir ki, Türkiyə Krımın Ukraynanın tərkib hissəsi olduğunu elan edir, Krımda yaşayan tatarların qanqardaşıları olduğunu deyərək onların müdafiəsi üçün nə lazımdırsa, edəcəklərini bildirir. Türkiyə tərəfi Krımdan qovulmuş və yaxud didərgin düşmüş 500 Krım tatarına ev tikilməsini öz üzərinə götürdü və qeyd etdi ki, qısa müddətdə bu evləri tikib Krım tatarlarına təhvil verəcək. Yəni demək istəyirəm ki, Livyada Türkiyə və Rusiya necə "dost" idisə, Suriyada necə "dost"dursa, Ukraynada da bu dostluq nümayiş etdiriləcək".