Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bir şəhid anası var...

Bakıda bir şəhid anası var...

Tarix: 14 Aprel 2021 14:14

"Evlərinin önü yonca,
Yonca qalxmış dam boyunca, dam boyunca"...

... Bakıda bir şəhid anası var.

Hər səhər erkəndən durur, oğluna çay dəmləyir, yemək hazırlayır. Sonra köynəyini ütüləyir, oğlunun sevdiyi ətiri qoyur dəhlizdəki komodun üzərinə. Ki, işə gedəndə aramasın.

Sonra oturur mətbəxdə masanın arxasında, çənəsini əlinə dayayıb gözləyir.

Səbri tükənir, səslənir:

- Haradasan, ay bala?! Gecikirsən axı, yenə güzgünün qabağındasan?

Gözləyir...

Səbri daşır, yenə çağırır:

- Bala, ay bala! Soyudu axı hər şey...

Yerindən durub, dəhlizə çıxır.

Gözləyir.

Deyinərək qayıdır mətbəxə:

- Bax, işə gecikəcək...

Oğlunu gözləyərkən telefonuna baxır.

Oğlunun sevdiyi mahnı var - "Evlərinin önü yonca". Astaca qulaq asır.

Oğulsa gəlib çıxmır.

Gerçəkdən də, işə gecikəcək.

Ana köks ötürür, "Bu niyə belə tənbəl oldu, kimə oxşadı?" deyibən oğlunun atasını, 18 il əvvəl haqqa qovuşmuş ərini xatırlayır, "Allah sənə rəhmət eləsin, sənə bənzəyib də" söyləyib xəfifcə gülümsəyir.

Saatlar keçir.

Divardakı saata baxır. "Harada qaldı bu, iş vaxtı bitib, yenə dostları ilə kim bilir haradadı". Oğluna zəng vurur. Çağırış, çağırış, çağırış, cavab yox.

"Götürmür telefonu, başı qarışıb yenə".

Oğlu ilə yazışmalarına baxır.

"Mama, bəsdi də, bu uşaqlıq şəklimi yollama mənə".

Gülümsəyir.

Şəkildə 3 yaşı var. Bağçanın qarşısındadı, skamyanın önündə. Başında ağ panama, əynində ağ köynək. Əlindən elə tutub ki. Hirslə, qəzəblə, ümidlə. Qaşlarını çatıb.

Elə o vaxtdan xoşlamır şəkil çəkdirməyi.

Hə, bu şəkildə birinci sinifə gedir. Hələ şagird deyil, məktəbin önündədi. Əlində çiçəklər, yuxulu, acıqlı, ürkək, söz desən ağlayar - ana gedəcək axı, burada tək qoyacaq onu axı.

Bax, bu şəkildə isə son zəngdi məktəbdə. Gülümsəyir. Yanaqları allanıb, eynən atası kimi.

"Mama, narahat olma. Cəbhədə deyiləm"

"Mama, hər şey yaxşıdı. Narahat olma"

"Mama, az qalıb, qayıdırıq. Narahat olma"

Oğul gecikir.

Yenə zəng vurur.

Çağırış, çağırış, çağırış.

Cavab vermir.

Divardan baxır oğul anasına.

Gülümsəyir.

Ana kim bilir neçənci dəfədir oğluna baxır, baxır, baxır, sonra durub o fotonu silir, ağlayır, pıçıldayır oğluna.
Oğlunun geyimlərini basır bağrına. Bağrındadı övladı, ətri, qoxusu, özü.

"Evlərinin önü darçın,
Fələk qoymur gözüm açım, vallah açım..."

... O evin yanından keçəndə, bu mahnını eşidəndə bilirəm ki.. Bilirəm ki, oğul anasının yanındadır.
Ananın köksündə döyünür, ürəyinin yanında...

Və hər dəfə o pəncərədən gələn, yayılan, səmaya yüksələn o mahnını eşidəndə bilirəm ki, oğul anasının yanındadı.

Ana oğlu ilə danışır.

Bakıda bir şəhid anası var.

Bakıda bir Vətən var.

Bakıda əbədi 19 yaşlı qalacaq gəncin qəlbi var.

Hərdən başınızı qaldırın, səmaya baxın.

Əbədi gənclər gülümsəyirlər bizə baxıb.

Nə xoş simaları var....

Elçin Alıoğlu


Etiketlər:  Bakıda şəhid anası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ