Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu halda peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır - Həkim

Bu halda peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır - Həkim

Tarix: 20 Aprel 2021 11:14

"Hazırda ölkəmizdə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi davam edir. Birinci dozanı alan insanlar arasında COVİD-19 xəstəliyinə yoluxanlar da var".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva deyib. O bildirib ki, bu faktı nəzərə alaraq bir çox suallar ortaya çıxır: "Peyvənddən sonra virusdan qorunmaq lazımdırmı, yoluxan zaman ikinci dozanı qəbul etmək olarmı, ümumiyyətlə, peyvəndin birinci dozasını vurduran insanlar özlərini virusdan necə qorumalıdır? Nəzərə almaq lazımdır ki, peyvəndin ilk dozasını qəbul edəndən sonra orqanizmdə virusa qarşı müdafiə dərhal yaranmır. Koronavirusa qarşı vaksinlərin hamısı bir neçə həftə fasilə verməklə, iki dozada qəbul edilməsini tələb edir. Dozalar arasındakı müddətdə yoluxma riski hələ yüksək olaraq qalır. İlk dozanı qəbul etdikdən yalnız 2 həftə sonra siz müdafiə olunmağa başlayırsınız, peyvənddən maksimal effekt isə ikinci dozadan sonra meydana gəlir. İnsan orqanizminə immuniteti formalaşdırmaq üçün müəyyən qədər vaxt lazım olduğundan, bu dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir".

Həkim qeyd edib ki, ilkin dozadan sonra koronavirusa yoluxmaqdan şübhələnən zaman  mütləq COVID-19 testindən keçmək lazımdır: "Bəzən peyvənddən sonra insanlarda yorğunluq və qızdırma kimi əlamətlər olur, bunlar COVID-19-un əlamətlərinə oxşar olduğu üçün yalnız test sizə düzgün nəticəni verəcək. Əgər testin cavabı pozitiv çıxarsa, deməli, siz peyvəndin birinci dozasından sonra COVID-19 xəstəliyinə yoluxmusunuz. Dərhal özünüzü təcrid edin və həkimə müraciət edin. Bu zaman həkimə peyvəndin ilk dozasını qəbul etdiyiniz barədə məlumat verin. COVİD-19 xəstəliyinə yoluxduqdan sonra peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır. Yaxud ikinci doza uzun müddətə təxirə salınır. Əgər COVID-19 xəstəliyinə qarşı peyvəndin birinci dozası vurulduqdan sonra kəskin respirator xəstəlik keçirsəniz, sağaldıqdan sonra peyvəndin ikinci dozasını ala bilərsiniz".

T. Əliyevanın sözlərinə görə, peyvəndin ilk dozasını qəbul etmiş insanlar koronavirusa yoluxduqda, vaksinasiyadan keçməmiş xəstələr kimi müalicə olunur: "Bu xəstələr də gigiyenik qaydalara riayət etməli və təcrid olunmalıdırlar. Tibbi maska, karantin və sosial məsafə yenə ön plandadır. Birinci dozadan sonra orqanizmdə heç bir dəyişiklik olmazsa, ikinci dozanı 28 gündən sonra qəbul etmək olar. Birinci və ikinci dozalar arasında fasilə 1 aya qədər uzadıla bilər".


Etiketlər:  halda peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ