Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 10:36
Ötən gün sosial şəbəkələrdə gündəm qismən dəyişdi. "Pasiyentini döyən həkim" və ya "döyülən pasiyent" başlıqları ilə yayılan videodakı hadisələr Tovuz rayonunda qeydə alınıb. Tərəflərin hər ikisi törətdiyi əmələ görə özlərini haqlı hesab edir. Artıq hər iki tərəf hüquq mühafizə orqanlarına şikayət edib.
Videoya çəkərkən həkim mobil telefonu əlindən alır.
Bu zaman videonu çəkən şəxs xəsarət aldığını iddia edir. Həkim isə pasiyentin çəkiliş aparmaması üçün ona dəfələrlə xəbərdarlıq etdiyini bildirir.
Videonu çəkən şəxs Tovuz rayon sakini Fərid Yusifzadədir. Həkim isə Tovuz Mərkəzi Rayon Xəstəxanasının həkim-psixiatrı Sona Hüseynovadır. Həkimin sözlərinə görə, həmin şəxs epilepsiya xəstəliyindən əziyət çəkir və 6 il əvvəl qeydiyyata alınıb. Ona 3-cü qrup əlillik təyin olunub. "Son 5 ildə müayinə üçün müraciət etməyib. Çünki əlilliyin meyarlarına görə epileptik tutmaların sayı vacibdir. Son 5 ildə stasionar yatışla bağlı heç bir sənədi də yoxdur. Vətəndaş məni qanunsuzluqda ittiham edərək cinayət əməli törətməkdə günahlandırdı. Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videogörüntüyə almağa cəhd göstərdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 min manat pul verəcəksən, ya da videonu yayımlayaraq səni rüsvay edəcəyəm", - deyə Sona Hüseynova "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
Məsələ ilə bağlı adı hallanan Fərid Yusifzadə ilə də əlaqə saxladıq. Ancaq o da, müsahibə verməyəcəyini bildirdi. Bütün hallarda hər iki tərəf hüquq mühafizə orqanlarına müraciət edib.
Artıq kimin haqlı kimin haqsız olduğunu hüquq mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma nəticəsində bəlli olacaq. Bununla belə, Tovuz Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi tərəfindən həkim-xəstə münasibətlərini pozduğuna görə həkim-psixiatr Sona Hüseynovaya töhmət verilib.