Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 23:48
"Yağlı və ya yağsız, duzlu, yaxud duzsuz, kalorili-kalorisiz, mikroblu-mikrobsuz ana südü olmur. Bu yanlış təsəvvürlərə görə neçə-neçə uşaq boş yerə bu nemətdən məhrum olur. Onsuz da psixologiyası gərgin olan, yeni ana olmuş qadınlara kənardan belə mənfi fikirlərlə təzyiq göstərməkdənsə, öz övladına bu dəyərli neməti verə bilməsi üçün onlara mənəvi dəstək olmaq lazımdır".
Sonxeber.net xəbər verir ki, həkim-pediatr Günay Rəsulova sosial şəbəkədə ana südü barədə paylaşım edib.
Həkim bildirib ki, yalnız aşağıdakı səbəblərə görə ana övladına süd verə bilməz:
- Anada HİV infeksiyası (QİÇS) varsa;
- Müalicə edilməmiş bruselyoz (müvəqqəti) varsa;
- Aktiv vərəm (müvəqqəti) varsa;
- Gilə ucu herpes səpkiləri olan analar (müvəqqəti);
- Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti);
- Onkoloji müalicə (sitostatiklər) alan analar (müvəqqəti);
- SMV seropozitiv anaların 1500 qramdan az və ya 32 həftədən tez doğulan uşaqlar;
- H1N1 infeksiyası keçirən analar qızdırma düşənə qədər (müvəqqəti);
- Süd vəzi absesi olan ana (müvəqqəti);
- Şizofreniyalı ana (övladına zərər verə bilər).
Ən çox sual doğuran digər məqamlar
- Mənfi rezuslu ana süd verə bilər;
- Mastitli (süd vəzisi şişkinləşmiş, qızarmış, qızdırma verən) ana (əksinə bol-bol əmizdirməlidir);
- Qızdırmalı ana süd verə bilər;
- Hamilə ana (obstetrik risk daşımırsa) övladına süd verə bilər;
- Hepatit B, C-li ana gilə ucunda qanayan çat yoxdursa, əmizdirə bilər;
- Koronaviruslu ana antiseptik qaydalara əməl etməklə, maska ilə körpəni əmizdirə bilər.
Əgər ana çox narahatdırsa, südü sağıb məsafədən yedizdirə bilər. Koronavirus uşağa südlə keçmir. Bu virus hava-damcı yolu ilə keçdiyinə görə tövsiyələri nəzərə alaraq yenə də analar körpələrini öz südü ilə bəsləməyə davam edə bilər.
"Ana südü körpə üçün çox vacib bir qidadır. Bu süd ilə qidalandırılan uşaqların immuniteti möhkəm olur. Ana südü yeyən, amma tez-tez xəstələnən uşaqlar isə əmizdirilməmiş olsaydı, hər xəstəliyi daha fəsadlı keçirə bilərdi. Ana südü təbii və ən möhkəm peyvənddir. Uşaqları ana südündən və peyvənddən məhrum etməyin", - deyə həkim əlavə edib. /medicina.az