Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eynşteynin heyvanların ifrat hissiyyatı haqqında əvvəllər məlum olmayan məktubu dərc edilib

Eynşteynin heyvanların ifrat hissiyyatı haqqında əvvəllər məlum olmayan məktubu dərc edilib

Tarix: 14 May 2021 20:42

"Journal of Comparative Physiology A" nəşri Albert Eynşteynin əvvəllər məlum olmayan məktubunu dərc edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, alim məktubda arılarda və quşlarda uçuş zamanı onlara istiqamətlənmək imkanı verən xüsusi hissiyyatın mövcud olmasından danışıb. O, tezliklə elmdə heyvanların sensorikasının öyrənilməsinə əsaslanan yeni istiqamətlərin yaranacağını qabaqcadan xəbər verib.

1949-cu ildə yazılmış bu məktub ingilis mühəndisi, radarların işlənib hazırlanması ilə məşğul olan Qlin Devisə ünvanlanıb. 2011-ci ildə onun dul qadını məktubun surətini Eynşteynin öz məktub və qeydlərini vəsiyyət etdiyi Yerusəlim Yəhudi Universitetinin arxivinə verib. Sənədi Avstraliyada Melburn Kral Texnoloji Universitetindən alimlər tədqiq ediblər.

Məktubda fizik alim bildirir ki, heyvanlarda hissiyyatın tədqiqi elmdə yeni kəşflərə gətirib çıxara bilər. Həmçinin alim avstriyalı etoloq, Nobel mükafatı laureatı Karl fon Frişlə görüşündən yazır. Fon Friş arıların hissiyyat orqanlarını tədqiq edən aparıcı mütəxəssislərdən biri olub.

1949-cu ilin aprel ayında Eynşteyn Priston Universitetində fon Frişin mühazirəsini dinləyib. Mühazirədən sonrakı gün alimlər görüşüblər. Bu, rəsmən sənədləşdirilməsə də, sözügedən məktub onların ünsiyyətini təsdiq edir.

A.Eynşteynin Qlin Devisə məktubu alimin geniş elmi marağından, eləcə də fon Frişə və onun tədqiqatına maraq göstərdiyindən xəbər verir. A.Eynşteyn yazırdı ki, köçəri quşların və poçt göyərçinlərinin davranışlarının tədqiqi hələ məlum olmayan bəzi fiziki proseslərin nə vaxtsa başa düşülməsinə gətirib çıxara bilər.

Yetmiş ildən çox müddətdən sonra alimin mülahizələri təsdiqini tapıb. Belə ki, quşlar Yerin maqnit sahəsini gözlərindəki xüsusi fotoreseptorlar vasitəsilə hiss edə bilir. Həmin fotoreseptorlar planetin maqnit sahəsinin cüzi dəyişməsinə həssasdır. Bu da onlara yolunu azmadan minlərlə kilometr məsafəni qət etməyə imkan verir.

2008-ci ildə radioötürücü yerləşdirilmiş qaratoyuqların tədqiqi ilk dəfə olaraq göstərdi ki, bu quşlar maqnit kompasdan uçuş zamanı əsas istinad nöqtəsi kimi istifadə edir. Dəniz tısbağaları, itlər və arılar da planetin maqnit sahəsini hiss etmək bacarığını nümayiş etdirib. Lakin canlıların işığı və ya maqnit sahəsini hissetmə mexanizmləri bütün növlər üçün eyni deyil. Məsələn, arılar maqnit sahəsini qarın boşluğundakı reseptorlarla, quşlar və itlər isə gözdəki kriptoxrom adlandırılan fotoreseptorlarla hiss edir.


Etiketlər:  Eynşteynin heyvanların ifrat hissiyyatı haqqında əvvəllər məlum olmayan məktubu dərc edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ