Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim-kardioloq: İndi 120/80-dən aşağı təzyiq daha optimal hesab edilir

Həkim-kardioloq: İndi 120/80-dən aşağı təzyiq daha optimal hesab edilir

Tarix: 17 May 2021 22:48

Yüksək qan təzyiqi - hipertoniya müasir epidemiya kimi xarakterizə edilir və onu "səssiz qatil" də adlandırırlar, çünki heç bir əlamətə səbəb olmur. Aparılan tədqiqatlar göstərir ki, dünyanın yetkin yaşlı əhalisinin təxminən 25 faizində hipertoniya var. Bu, hər il təqribən 7,1 milyon nəfərin həyatını itirməsinə səbəb olur və saysız-hesabsız ürək-damar hadisələri ilə (infarkt, insult, ürək çatışmazlığı, anevrizma və s.) nəticələnir.

Milli.Az bildirir ki, həkim-kardioloq Günay Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, xəstələrin arasında təzyiq əleyhinə dərmanlardan çəkinənlər də var: "Bunun əsas səbəbi onların dərmanların yan təsirlərindən və asılılıq yaratmasından qorxmasıdır. Onu qeyd etməyə dəyər ki, heç bir antihipertenziv dərman asılılıq və ya vərdiş yaratma xüsusiyyətinə malik deyil. Bununla yanaşı, hipertoniya əleyhinə dərmanların yan təsirləri çox nadirdir və ümumiyyətlə, ciddi deyil".

Həkim-kardioloq deyib: "Fəqət, nəzarətsiz hipertoniya sağlamlığa ciddi ziyan vura bilər. Ona görə də, insult, infarkt, böyrək çatışmazlığı, ürək çatışmazlığı və digər xəstəliklərin risklərini azaltmaq üçün dərman qəbul etmək lazımdır. Xəstələrdən bəziləri dərmanları yalnız özlərini pis hiss etdikdə və ya başağrısı olduqda qəbul edirlər. Məsələ burasındadır ki, hipertoniya nadir hallarda hansısa simptoma səbəb olur və yüksək qan təzyiqinin insan həyatı üçün təhlükəsi böyükdür. Müalicə olunmayan arterial təzyiq xəstəsi, ciddi orqan ziyanı və ağırlaşmalar yarandıqdan sonra fəlakətdən qorunmaq üçün dərmanları gec də olsa daimi olaraq qəbul etməyə başlayır".

Xəstəliyin müalicə üsulları barədə danışan həkim-kardioloqun dediyinə görə, pəhriz və idman qan təzyiqini müəyyən dərəcədə aşağı sala bilər: "Həftənin əksər günlərində 30-40 dəqiqəlik aerobik məşqlər qan təzyiqini azaltmaq üçün ən yaxşı üsuldur. Bədən çəkisinin aşağı salınması və adekvat istirahət də hipertenziyanı azaltmaq üçün vacibdir. Stres qan təzyiqini müvəqqəti artırır, uzun müddətli stresin digər təsirləri isə - narahat yuxu, həddindən artıq yemək, duzlu və yağlı qidalar qəbulu, çəki artımı, spirtli içki qəbulu, siqaret çəkmək və hərəkətsizlik kimi hallar qan təzyiqinin artmasına aparıb çıxarır".

"120/80mm civə sütunu qan təzyiqi göstəricisi bir vaxtlar mükəmməl sayılırdı, lakin indi 120/80-dən aşağı təzyiq daha optimal hesab edilir. 120-139/80-89 yüksək normal, 140/90 yüksək və 160/100 çox yüksək təzyiq göstəricisi hesab edilir. Bu, yaşlılara da aiddir. Diabet xəstələri ürək-damar riskini azaltmaq üçün daha sıx qan təzyiqi nəzarətinə ehtiyac duyurlar, ona görə də 130 sistolik qan təzyiqi onlar üçün yüksək sayılır",- deyə həkim-kardioloq bildirib.

Milli.Az


Etiketlər:  Həkim kardioloq İndi 12080 dən aşağı təzyiq daha optimal hesab edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ