Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda ermənilərin terror hazırlığı gördükləri zirzəmilər var - Polkovnikdən İDDİA

Qarabağda ermənilərin terror hazırlığı gördükləri zirzəmilər var - Polkovnikdən İDDİA

Tarix: 25 May 2021 14:39

"Antiterror fəaliyyəti Azərbaycan üçün gündəmdə olan fəaliyyətdir".

Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, işğaldan azad etdiyimiz ərazilərdə yaşayış olmadığı üçün oradakı boş yerlər erməni terrorçuları üçün əlverişli yer hesab edilə bilər:

"Azərbaycan bilirdi ki, müharibədən sonra, postmüharibə dövründə məhz antiterror əməliyyatı gündəmə gələ bilər və demək olar ki, bu, bütün münaqişə zonalarında belədir, postmüharibə dövründə terrorçuluğa qarşı müəyyən mübarizə tədbirləri görülməlidir. Bu proses xüsusən də bizim işğaldan azad edilən ərazilərimizdə aparılmalıdır. Burada antiterror əməliyyatları üçün bir neçə faktor mövcuddur:

I. Qonşuluqda belə bir revanşist fikirləri olan, müəyyən qüvvələrin əlində alət olan Ermənistan dövləti var. 

II. Ermənistanın özündə Azərbaycan və Türkiyəyə, ümumiyyətlə türkə qarşı olan düşmənçilik.

III. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, işğalçı qüvvələri ərazisindən qovub. Ancaq bilirik ki, müharibədən əvvəl, bir neçə il Ermənistanın işğalçı qüvvələri, o cümlədən separatçı rejimi açıq-aydın məhz partizan hərəkatına hazırlıq kimi hazırlıqlar görürdülər, düşərgələr yaradırdılar. O düşərgələrdə həm xaricdən, həm Ermənistandan, həm də Qarabağdan olan şəxslər orada müəyyən təlimlər alırdılar. Əlbəttə ona partizan hərəkatı demək olmaz, partizan hərəkatı öz torpağında keçirilir. Bu artıq partizan adı ilə terrorçuluq fəaliyyətinə hazırlıq məqsədi daşıyır. 

IV. İşğaldan azad etdiyimiz ərazilərdə yaşayış olmadığı üçün boş yerlər çoxdur. İndi də mövsümdən asılı olaraq yaşıllıq örtüyünün artması da terrorçuluq fəaliyyətini aktivləşdirən amillərdəndir. 

V. Hələ də Qarabağda separatçı rejimin qalıqları qalmaqdadır. Separatçı rejimin yerləşdiyi ərazilər ki var, o əraziləri hələ Azərbaycan nəzarətdə saxlaya bilmir. Həmin ərazilər indi sülhməramlıların nəzarətindədir. O ərazilərdə nə baş verdiyini, nə baş verə biləcəyi barədə Azərbaycanın güc strukturları müyyən təhlillər aparırlar, müəyyən məlumatlar toplanılır. O ərazidə daim ola biləcək təxribatlar izlənilir. 

VI. Sülhməramlıların nəzarətində yaşayan erməni əhali hələ də müəyyən qüvvələrin təsiri ilə Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmirlər. 

VII. Bilirik ki, işğaldan azad edilən ərazilərdə çoxsaylı zirzəmilər var. Bu haqda məlumatlar var idi. Həmin o silah-sursatla dolu zirzəmilərdən biri bu yaxınlarda Füzuli istiqamətində aşkar edildi. Düşünmürəm ki, həmin o silah-sursat ermənilər tərəfindən müharibə vaxtı atılıb, gedilib. Fikrimcə silah-sursatla dolu belə zirzəmilər gələcək terrorçuluq fəaliyyəti üçün hazırlıq prosesidir. 

Ona görə də, bütün bunları nəzərə alsaq Azərbaycan Silahlı Qüvvələri terrorçuluq fəaliyyətinin qarşısını almaq üçün bugün çevik olmalıdır. Çünki indiyə kimi qış idi, ətraf qar idi, meşələr çılpaq olduğundan terrorçular üçün əlverişli imkan yaranmamışdı. İndi terrorçular üçün geniş imkan yaranıb. Biz hər şeyə hazır olmalıyıq. 

Təhməz Əsədov


Etiketlər:  Qarabağda ermənilərin terror hazırlığı gördükləri zirzəmilər Polkovnikdən İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ