Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Genetiklər insanların və neandertalların beyinlərində hüceyrə metabolizminin nə ilə fərqləndiyini aydınlaşdırıblar

Genetiklər insanların və neandertalların beyinlərində hüceyrə metabolizminin nə ilə fərqləndiyini aydınlaşdırıblar

Tarix: 26 May 2021 23:02

Neandertallardan fərqli olaraq insanda ADSL geninin mutasiyası var ki, o, beyin hüceyrələrində purin birləşmələrinin metabolizminə hissediləcək dərəcədə təsir göstərir. Tədqiqatın nəticələri "eLife" elmi jurnalında dərc edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, alimlər təkamül genetikası üzrə mütəxəssis Svante Paabonun rəhbərliyi ilə neandertalların genomunu oxuyublar. Məlum olub ki, neandertallar insan DNT-də öz genlərinin 2-4 faizini qoyub. Alimlər hesab edirlər ki, bu, insanların əcdadlarının şimal həyatına uyğunlaşmasına kömək edib.

Antropoloqları strukturu neandertal və kromanyon genlərindən fərqlənən genlər daha çox maraqlandırır. Əgər belə fərqlər tapılarsa, alimlər neandertalların nəslinin kəsilməsi səbəbini, habelə insan əcdadlarının və onların qonşularının davranış və anatomiyalarının xarakterik fərqləndirici cizgilərini müəyyənləşdirə bilər. Məsələn, bir il əvvəl Paabo və onun həmkarları neandertallarda qeyri-adi dərəcədə inkişaf etmiş əzələlər olduğunu öyrəniblər.

İndiki tədqiqatda isə Paabo və onun həmkarları "Homo neanderthalensis" növünü "Homo sapiens"dən fərqləndirən daha bir cizgini aşkar ediblər. Onlar insan, şimpanze, makaka və siçanlarda ayrı-ayrı hüceyrələr səviyyəsində metabolizmin necə fərqləndiyini tədqiq ediblər. Alimlərin diqqətini ADSL geninin işindəki fərqlər cəlb edib. İnsanda bu genin unikal mutasiyası var ki, genetiklər buna digər primatlarda, gəmiricilərdə və neandertallarda rast gəlməyiblər. Genomun bu hissəsi tərkibində purin olan müxtəlif molekulların sintezində iştirak edən eyniadlı fermentin toplanmasına cavabdehdir.

Alimlər ADSL-in insanda A429V mutasiyasını tapıblar. Güman ki, bu, fermentin sabitliyini azaldıb və müvafiq olaraq "Homo sapiens"in beyin hüceyrələrində purin birləşmələrinin konsentrasiyasını aşağı salıb. Alimlər bunun belə olub-olmamasını yoxlamaq üçün ADSL geninin insan və neandertal versiyasını siçanların genomuna yerləşdiriblər.

Məlum olub ki, gəmiricilərin genomunda ADSL-in insan versiyası olanda, neyronlar çox az miqdarda purin birləşmələri yaradıb. Genin neandertal versiyası isə siçan beyinində metabolizmə təsir etməyib.

Paabo və həmkarları güman edirlər ki, bu mutasiya insanın özünəməxsus bacarıqlarının, o cümlədən yüksək səviyyədə intellektinin inkişafında mühüm rol oynayıb. Beyin hüceyrələrində purin metabolizmində yaranan çatışmazlıq tez-tez intellektual inkişafın ağır pozulmalarına gətirib çıxarır.

Alimlərin fikrincə, heyvanlar üzərində aparılacaq təcrübələr, müasir və qədim insan genomlarının gələcək tədqiqi bu suallara cavab verəcək, neandertalların və kromanyonların intellektual bacarıqlarının necə fərqləndiyini öyrənməyə kömək edəcək.


Etiketlər:  Genetiklər insanların neandertalların beyinlərində hüceyrə metabolizminin ilə fərqləndiyini aydınlaşdırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ