Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 20:28
Bakı. Trend:
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib.
Kamera musiqisi həvəskarlarının budəfəki qonaqları istedadlı gənc ifaçılar və Azərbaycanın “Clarte” klarnet kvarteti olub.
Konsertin birinci hissəsində tamaşaçılar pianoçular Fəqan Həsənli, Svetlana Əhmədova, fleyta ifaçıları Nicat Salmanov, Əminə Zülfüqarova, qanun ifaçısı Natəvan Həsənova, solistlər Adil Axundov (tenor) və Taleh Yahyayevin (bariton) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini dinləyiblər.
Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verilib.
Kollektiv 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Məmməd Rəcəbli, Emil Bağırov, Məhəmmədəli Paşazadə və Anar Məmmədovun daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
Konsertdə G.L.Cobbun “Russian Rag”, Vaqif Mustafazadənin “Yollar”, Tofiq Quliyevin “Zibeydə”, İ.Volantenin “American feelinq” əsərləri səsləndirilib.
Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin