Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 14:10
"Ölkəmizdə Medianın İnkişafı Agentliyinin xətti ilə medianın inkişafının dövlət tərəfindən dəstəklənməsinin yeni mexanizminin artıq tətbiqinə başlanılıb, prosesə start verilib".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, indiki maliyyələşmə mexanizmi daha çox inkişafa meyilli olmaq öhdəliklərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir:
"Tam qətiyyətlə demək olar ki, Azərbaycanda medianın dövlət maliyyələşməsində tamamilə yeni bir mərhələ başlayıb. Bu mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, əgər biz indiyə qədər yalnız medianın dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizmlərinin çap medianı əhatə etdiyi görürdüksə, bu gün artıq çap media ilə bərabər elektron (rəqəmsal) media da, xüsusilə onlayn media, audio-vizual medianın da Medianın İnkişafı Agentliyi tərəfindən maliyyələşdirildiyinin başlandığını görürük. Bu, sözsüz ki, əhəmiyyətli prosesdir və onun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, əgər indiyə qədər sadəcə media orqanları agentlik xətti vasitəsi ilə büdcədən maliyyələşirdilərsə və bu maliyyənin hesabına daha çox öz mövcudiyyətlərini qoruyurdularsa, ancaq indi prinsip etibarı ilə yenilik, dəyişiklik, yeni tələblər var. Bu tələblərin əsası isə media orqanlarının həmin dəstək hesabına inkişafını təmin etməkdən ibarət olacaq.
Konkret desək, bundan sonrakı mexanizm sadəcə olaraq media orqanlarının arasında maliyyənin bölüşdürülməsi prinsipinə əsaslanmır, həm də həmin maliyyə əsasında media orqanlarının nədən başlayıb, nəyə doğru getdiyini və hardan hara inkişaf etməli olduğunu da aydın göstərməlidir. Məsələn, indiyə qədər bir qayda olaraq yalnız çap mediasına maliyyə vəsaiti ayrılırdısa, bu gün artıq əksər çap media orqanlarının nəzdində fəaliyyət göstərən saytların (web) da maliyyələşdirilməsi əsas diqqət çəkən məqamdır. Bundan başqa mexanizm elə qurulub ki, sonrakı mərhələlərdə çap mediasının onlayn varianlarının inkişafının daha çox həvəsləndirilməsi və yönləndirilməsi açıq-aşkar ortadadır. Yəni mexanizm elə qurulub ki, bundan sonrakı mərhələlərdə çap medialarının onlayn növləri inkişafa daha çox meyillənməlidir və daha böyük nəticələr ortaya qoymalıdır.
Bundan başqa, rəqəmsal media orqanlarının, yəni müstəqil saytların, audio-vizual media orqanlarının maliyyələşmə mexanizmlərinin tətbiqi prosesin həm şəffaflığını təmin edir, həm də alınan maliyyənin daha çox nəticə yönümlü layihələrə və fəaliyyətlərə yönləndirilməsini şərtləndirir. Bir sözlə, medianın inkişafında yeni mərhələ, yəni onlayn medianın da maliyyələşdirilməsi sadəcə olaraq maliyələşən subyektlərin xarakterinin dəyişidirilməsi kimi başa düşülmür. Yəni indiyə qədər çap mediası maliyyələşdirilirdi, bundan sonra çap media ilə bərabər onlayn media orqanları da agentlik xətti ilə maliyyələşəcək kimi sadə deyil. Burada məsələnin mahiyyəti həm də ondan ibarətdir ki, xüsusilə də həm çap media orqanları, həm də onlayn media orqanları dövlətdən aldıqları maliyyə dəstəyi hesabına daha çox inkişaf təmayülləri ortaya qoymaq öhdəliyi altındadır. İndiki maliyyələşmə mexanizmi daha çox inkişafa meyilli olmaq öhdəliklərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir".
Təhməz Əsədov