Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hərbçilərimiz sosial təminat, maddi rifah haqqında düşünməməlidirlər" - Polkovnik

Tarix: 28 Iyun 2021 12:24

"Ümumiyyətlə hərbçi, istər zabit olsun, istər gizir, istər çavuş, istər əsgər fərqi yoxdur, - hərbçinin bir məslək olmaqla yanaşı, digər məsləklərdən seçilən tərəfi odur ki, bir həyat tərzidir".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

O bildirib ki, hərbçilərimizin sosial təminatının, maddi rifahının yaxşılaşdırılması istiqamətində davamlı işlər gedir:

"Hərbçi heç bir məişət problemi haqqında düşünməməlidir, sosial çətinliyi olmamalıdır. Çünki o, dövlətin, millətin onurğa sütunudur, güvən yeridir. Bu məzmunda baxsaq, hərbçilərimizin sosial vəziyyətini nə qədər yaxşılaşdırsaq da, bir o qədər azdır. Onların bu istiqamətdə işləri davamlı getməlidir. İstər onların mənzil problemlərinin həlli olsun, istər təqaüdə çıxmış hərbçilərin təqaüdləri olsun, onların maaşları və digər təminat növləri hər zaman mükəmməl şəkildə təmin olunmalıdır. Baxmayaraq ki, ölkəmiz gəncdir, Azərbaycan yeni bir dövlətdir, bu sahədə davamlı olaraq işlər gedir və bu işlərin getməsi təqdirəlayiqdir. 

Azərbaycan Ordusunun tərkibinə və bu tərkibə görə xidmət sahələrinə baxsaq, böyük əksəriyyəti çətin ərazilərdə xidmət keçir. Bir çox yerdə müəyyən formada onların mənzillə təminatı ya mümkün olmur, ya da şərtlər buna imkan vermir. Bütün bunları nəzərə alaraq hərbçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması adına davamlı işlər getməlidir, bu, daha da inkişaf etdirilməlidir. Çünki hərbiçilərimiz sosial təminat, maddi rifah haqqında düşünməməlidirlər, yalnız və yalnız xidmət haqqında düşünməlidirlər. Bir hərbçi olmaq, bir məslək olmaqdan ziyadə, bir həyat tərzidir. Biz yaşadığımız coğrafiyada Silahlı Qüvvələrimizə, onun hərbi fərdinə hörmət və sayqı ilə yanaşmalı və onların hər cür təmin olunmasına mütləq şərait yaratmalıyıq".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Hərbçilərimiz sosial təminat maddi rifah haqqında düşünməməlidirlər Polkovnik


RƏYLƏR