Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 09:24
Koronavirusun çoxsaylı mutagen formaları var. Bunların içində xüsusi seçilən alfa - Britaniya ştammı, beta - Cənubi Afrika ştammı, qamma - Braziliya ştammı və delta - Hindistan ştammıdır. Hindistan ştammı ikiqat mutasıyaya uğrayıb, hətta üçüncü mutasiya forması - delta-plus haqqında da danışılır.
Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla delta ştammının yaratdığı təhlükələr haqda danışarkən deyib.
O bildirib ki, delta-plus variantı immunreaksiyadan yayınmağı xeyli bacaran, yoluxuculuq göstəriciləri yüksək olan ştammdır:
"Buna görə də delta və delta-plus variantları böyük narahatlıq doğurur. Türkiyə və Rusiyada bu virusa 100-dən çox şəxsin yoluxması bu virusun Azərbaycanda da üzə çıxması ehtimalını artırır. Pandemiya hələ bitməyib. İnsanlara məsləhət odur ki, qapalı mühitdə karantin davranışlarına diqqət etsinlər. Bu, çox mühüm şərtdir. Baxmayaraq ki, sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar baş verib, ola bilər ki, gələcəkdə bu qaydalar yenidən daha da sərtləşsin. Buna görə də diqqətli olmaq lazımdır. Sosial şəbəkələrdə hələ də koronavirusun olmadığı deyilir və vaksin əleyhinə kampaniyalar aparılır. Bütün bunların qarşısını almaq lazımdır. İnsanları vaksinasiyaya həvəsləndirmək və peyvəndlərə güvənmək vacibdir. Karantin tam şəkildə bitənə qədər biz özümüzü qorumalıyıq. Karantin qaydalarına mütləq əməl edilməlidir. Bunlar karantinin əsas şərtləridir".