Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 10:44
Azərbaycanda COVID-19 virusuna yoluxub sağalan şəxslərin "İmmunitet sertifikatı"nın müddətinin uzadılması ilə bağlı iki fərqli qayda tətbiq edilir. Məlum olduğu kimi vətəndaşın virusa yoluxub sağaldığı gündən etibarən ona 6 aylıq "İmmunitet sertifikatı" verilir. Bu müddət başa çatdıqdan sonra isə həmin şəxsin vaksin (2 doza) vurdurması tələb olunur. İyulun 2-də dövlət səhiyyə qurumları "İmmunitet sertifikatı" olan şəxslərin istənilən vaksindən 1 doza qəbul etdikdə sertifikatın müddətsiz uzadılacağını açıqlayıb.
Lakin iyulun 14-də həmin qurumlar təkrar açıqlama verdilər ki, 1 doza tələbi yalnız iyulun 2-dən sonra vaksin vurduranlara aiddir. Yəni, iyulun 2-dən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.
Səhiyyə Nazirliyindən Sonxeber.net-a bildirilib ki, "İmmunitet sertifikatı"nın müddəti 2 iyuldan öncə, məsələn may ayında bitən şəxslər də 1-ci doza vaksini iyulun 2-dən sonra vurdursa, onların sertifikatının müddəti uzadılacaq.
Bu prosesdə meyar olaraq məhz 2 iyul tarixi seçilməsi narazılıq yaradıb. Sosial şəbəkələrdə bu qərarla bağlı tənqidedici fikirlərini bölüşən şəxslər iyulun 2-dən öncə vaksin vurduran şəxslə iyulun 2-dən sonra vaksin vurduran şəxs arasında tibbi baxımdan hansı fərqlər yaranması haqda sual ediblər.
Vətəndaşlarda maraq yaranıb ki, iyulun 3-də 1 doza vaksin vurduran şəxsin sertifikatının müddəti uzadıldığı halda iyulun 1-də 1 doza vaksin vurduran şəxsin immunitet sertifikatının müddətinin uzadılmamasının əsası nədir?
İyulun 1-də vaksin vurduran şəxs 2-ci dozanı vurdurmalıdır, iyulun 3-də vaksin vurduran şəxsin isə buna ehtiyacı yoxdur.
Bəs görəsən, 1 doza vaksin vurduran şəxsin virusa qarşı immuniteti güclü olacaqmı?
Əgər iyulun 3-də vaksin vurduran şəxsi 1 doza vaksin qoruya bilirsə, həmin vaksin iyulun 1-də 1 doza peyvənd qəbul edən şəxsi niyə qorumur?
Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə "Qafqazinfo"nun bununla bağlı sualına cavab olaraq bildirib ki, sadəcə qərar verildiyi andan qüvvəyə mindiyi üçün bu sistem 2 iyuldan hesablanmağa başlayıb.