Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 23:30
Aralıq dənizi hövzəsi ölkələrində tüğyan edən meşə yanğınları İtaliyada da səngimək bilmir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi və Cənubi İtaliyada nəzarətdən çıxan yanğınların qarşısını almaq üçün ölkə hökuməti Avropa İttifaqının rəsmi qurumlarından əlavə yanğınsöndürən təyyarələr göndərməsini xahiş edib.
İtaliya Mülki Müdafiə İdarəsinin rəhbəri Fabritsio Kursio mətbuata verdiyi açıqlamada yanğınların nəzarətə alınması üçün Avropa mexanizmlərinin tətbiqi barədə müraciət olunduğunu bildirib. Qeyd edilib ki, İtaliya mülki müdafiə qurumlarının yanğınsöndürmə təyyarələri yanğın baş verən regionlara səfərbər olunub. İndi isə Aİ ölkələrinin öz təyyarələrini köməyə göndərməsi xahiş olunur.
Avqustun 1-də İtaliyanın mərkəzi hissəsində yerləşən Abruttso regionunda vəziyyət gərginləşib. Adriatik dənizinin sahilində yerləşən Peskara şəhəri ətrafında güclü yanğınlar baş verib. Həmin gün ölkənin cənubunda yerləşən Siciliya, Apuliya və Kampobasso regionlarında da yanğınlar davam edib.
Rəsmi qurumların məlumatına görə, avqustun 1-də fövqəladə hallar qurumları ölkə üzrə 1500 çağırışla əlaqədar səfərbər ediliblər. Bununla da yanğınlar mövsümünün başladığı iyunun 15-dən bəri çağırışların sayı 37 min 400-ə çatıb.
Quraqlıq, hava şəraitinin normadan artıq isti keçməsi və güclü külək yanğınların ciddi fəsadlar törətməsi və geniş əraziləri əhatə etməsinə səbəb olur. Bununla belə yanğınların bir hissəsinin qəsdən törədilməsi də istisna edilmir. İtaliyada tikinti spekulyantları hər il meşə yanğınları hesabına tikinti üçün yeni ərazilərin münasib qiymətə satışa çıxarılmasına nail olmağa çalışırlar.