Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 13:40
44 günlük İkinci Qarabağ Müharibəsindən zəfərlə çıxan Azərbaycan ordusu 30 il sonra tarixi ədaləti hərb meydanında qanı, canı hesabına bərpa etdi. Ərazi bütövlüyünü təmin edən Azərbaycan düşmənə bir qarış torpağın belə verilməyəcəyini sübut etdi. Müharibədən sonra da Azərbaycan hərbçiləri elə iki ölkənin dövlət sərhədi boyu da məhz bu prinsipdən çıxış edir, müəyyən addımlar atır.
Önəmli olan odur ki, artıq bu həqiqəti Qərbin nüfuzlu media vasitələri də təsdiqləyir. Məsələn, qəhrəman əsgərlərimizin göstərdiyi qətiyyət dünyaca məşhur "BBC News"un regionla bağlı hazırladığı süjetdən sonra daha da aydın olub. Beləliklə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə həsr olunan materialda ermənilərin özlərinin dilindən səslənən etiraflar maraq doğurur. Məsələn, Qaragöl ətrafındakı vəziyyətlə bağlı danışan erməni sakinlər bildiriblər ki, ərazinin 90 faizi Azərbaycan ordusunun nəzarətindədir. Ətrafdakı hakim yüksəkliklərin hamısı ordumuzun nəzarətindədir və Azərbaycan ordusu istənilən an düşmənin bu gölə çıxışını kəsmək imkanlarına sahibdir. Bəli, bu fikirlər əsl həqiqəti, erməni cəmiyyətində yaşanan başıpozuqluğu göstərir. Bu çıxışlar paytaxtlarından edilən pafoslu çıxışlardan və rüsvayçı ordunun sağ qalan tör-töküntülərinin bəyanatlarından fərqlidir.
Sadə erməni vətəndaşları Paşinyan hökumətində əyləşən şəxslərdən vəziyyəti daha gözəl başa düşür. Onlar anlayırlar ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə verməyəcək. Bu faktdır ki, Ermənistanda Azərbaycanın qüdrətli ordusuna qarşı dura biləcək bir qüvvə yoxdur, ola da bilməz. Həqiqəti isə videoda çıxış edən ermənilər deyir və bu etiraf, aciz çıxışları bir daha Azərbaycanın qüdrətinin İrəvanı sarsıtdığını sübut edir: Tarixi Azərbaycan torpaqları üzərində dövlət qurmaq bir yana, hələ bir qonşusunun da torpaqlarına göz dikən Ermənistanın işğalçı siyasəti məhvə məhkumdur. Reportajda qeyd olunan Qaragöl Azərbaycana aid olduğu üçün Azərbaycan ordusu da lazımı addımları atıb. Bu məsələdə prioritet Bakının mövqeyidir. Rəsmi Yerevanın saxta təhdid və təhrif olunmuş məlumatlar önəmli deyil, söz sahibi Azərbaycandır!
Kamran Seyidov