Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 10:42
İşğaldan azad edilmiş Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb.
Sonxeber.net Xezerxeber-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına iyunun 7-də köçürülmüş arıçılıq təsərrüfatları artıq ikinci bal süzümünü həyata keçirirlər.
Arıçılar yaylaq dövrünün çox məhsuldar keçdiyini bildirir. Onlar hər pətəkdən orta hesabla 30 kiloqram məhsul götürməyi hədəfləsələr də, məhsuldarlıq gözləniləndən çox olub.
Bal süzümü prosesi bir neçə mərhələni əhatə edir. Pətəklərdə yalnız arının növbəti mövsümədək qidalanmasına bəs edəcək miqdarda bal saxlanılır. Şan çərçivələrdən çıxarılıb xüsusi qablara yığılır. Daha sonra yaylaq şəraitində qurulmuş xüsusi otaqlarda bal süzümü həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi arıçılıq təsərrüfatlarının yaylaqlara köçürülməsindən bal süzümünə qədər bütün mərhələlərdə monitorinq keçirib. Növbədə isə Laçındır.
Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə ümumilikdə 531 arı ailəsinin köçürülməsi təmin edilib. Bu yaylaqlarda bal süzümünə isə avqust ayının ikinci yarısında başlanması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: