Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2019 16:32
"Huawei" şirkətinin "Harmony OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk "Honor Vision" televizorunun təqdimatı keçirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, qurğu 3840 х 2160 piksel təsvir ölçüsü, HDR texnologiyası dəstəyi, 400 kandel kvadratmetr (kd/m2) parlaqlıq, 178 dərəcə baxış bucağı ilə xarakterizə edilən 55 düym diaqonallı ekranla təchiz edilib. Ekran qurğunun üst səthinin 94 faizini əhatə edir.
Bundan başqa, televizor "Mali-G51MP4" qrafik sürətləndiricisinə malik dördnüvəli "Honghu 818" prosessoru ilə təchiz olunub. Operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış isə qurğunun versiyasından asılı olaraq 16 və ya 32 giqabayt təşkil edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, "Harmony OS" istifadəçilərə vəziyyətdən asılı olmayaraq bütün tip rəqəmli qurğularla işləmək məqsədilə vahid sistem təklif edilməsi üçün mikronüvə əsasında yaradılan paylayıcı arxitekturaya malikdir.
Yeni əməliyyat sistemi tədricən istehsalçının müxtəlif növ qurğuları, o cümlədən "ağıllı" saat, avtomobil multimedia sistemləri və "ağıllı" kolonkalar üçün optimallaşdırılacaq və tətbiq ediləcək. Sistemin yayılmasını sürətləndirmək üçün ondan açıq çıxış kodlu platforma kimi istifadə mümkün olacaq.
Avqustun 15-dən etibarən satışa çıxarılacaq "Honor Vision" televizorunun ilkin qiyməti 540 dollar təşkil edəcək.
Nizam Nuriyev