Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 15:04
Bir vaxtlar gənc şair, yazar və jurnalistlərdən tutmuş bütün yaradıcı insanların həvəslə üz tutduğu bir məkan var idi. Azərbaycan nəşriyyatı. Bu əzəmətli binaya daxil olmaq, Azərbaycan ədəbi mühiti, jurnalistika cameəsi ilə canlı olaraq qarşılaşmaq kimin arzusu deyildi ki? Bəs indi necə, nəşriyyatın binasında neçə tanınmış sima, jurnalistlə qarşılaşmaq mümkündür?
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Nəşriyyatının indiki halı bərbad vəziyyətdədir. Nimdaş görünüşlü binanın içərisində baş verənlərdən yəqin ki, çoxlarının xəbəri yoxdur. Azərbaycan Nəşriyyatı biganəliyin, özbaşınalığın girovuna çevrilib. Bir neçə mərtəbəni çıxmaq şərtilə bu bina mətbuat, media anlayışına antonim vəziyyətindədir. Bir zamanların mətbuat yükünü daşıyan Azərbaycan Nəşriyyatı niyə bu günə düşüb?
Hazırda cəmiyyətdə söz sahibi olan hansısa mətbuat orqanı Azərbaycan Nəşriyyatında yerləşmir. Redaksiya axtaran şəxslər əvvəl hamının cəm halında olduğu nəşriyyat binasına gələrək işini asanca görə bilirdi. İndi isə param-parça olmuş qəzet, informasiya agentliyi və ya digər mətbu orqanlar səpələniblər paytaxtın min biir tərəfinə. Səbəb? Çünki Azərbaycan Nəşriyyatı sağlam jurnalistika üçün maddi və mənəvi meyarlara artıq sahib deyil. Əvəzində bu böyük bina mətbuatdan başqa hər işi görən insanların fəaliyyət sahəsinə çevrilib. Mebel salonu, dərzi, avtomobil təmiri və qapı-pəncərə sexi, çörək bişirmə müəssisəsi və daha nələr, nələr...
Dəhlizlərdə səliqəsizlik, natəmizlik hökm sürür. Burada mövcud olan antisanitar vəziyyət, sanitar qovşaqların işləməməsi olduqca acınacaqlı bir durum yaradıb. Binanın hər mərtəbəsində addımladıqca belə bir sual yaranır: Yaradıcı insan belə bir vəziyyətdə çalışa bilərmi? Yaxud burada çalışan insan faydalı bir yaradıcılıqla məşğuldurmu?
Təbii ki, yox. Burada Azərbaycan cəmiyyətinə qarşı anti-təbliğatla məşğul olan "reket jurnalistika"nın qalıqları daha çox gözə çarpır. Başqa sözlə desək, Azərbaycan adını daşıyan nəşriyyat, əslində, Azərbaycana qarşı işləyir.
Ölkədə bu qədər inkişafın, müasir binaların tikildiyi bir vaxtda Azərbaycan Nəşriyyatının binası da bərpa edilməli, göz oxşamalıdır. Müxtəlif təyinatlı iş yerlərinə yox, sırf mətbuata xidmət etməlidir. Ümid edirik ki, ölkədə gedən inkişafdan geri qalan Azərbaycan Nəşriyyatı ağ günə çıxacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: