Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 09:32
"Bu gün istər Naxçıvan, istərsə də Qarabağ bölgəsi istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycanın mövqelərinin ermənilər tərəfindən atəşə tutulmasına qarşılıq rəsmi Bakı çox ağıllı siyasət yürütməklə cavab verir".
Bunu Sonxeber.net-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
General bildirib ki, dünənə kimi Ermənistana havadarlıq edən, himayəlik edən müttəfiqləri, bu gün Qarabağdakı tikinti-bərpa işlərində iştirak üçün Bakıya nümayəndə göndərir:
"Preizdent İlham Əliyev "CNN türk"ə verdiyi müsahibəsində də qeyd etdi ki, Türkiyə-Azərbaycan qardaşlığı, əməkdaşlığı tarixdə ən yüksək mərhələsinə çatıb. Türkiyə-Azərbaycan qardaşlığı sadəcə iki ölkə qardaşlığından da artıq olaraq, bir güc halına gəlib. Bu birlik, bu güc artıq dünya nəhənglərinin də müəyyən mənada diqqətini çəkməyə başlayıb.
Ermənistan hər gün postlarımıza və səngərlərimizə qarşı təxribatlar törədərək Azərbaycanı beynəlxalq hüquq qarşısında çarəsiz vəziyyətə salacaq, onu müharibə meydanında hüquqa zidd fəaliyyətə çəkəcək əməllərə əl atmasına baxmayaraq, Azərbaycan xarici diplomatiyası çox ağıllı iş görür. İndiyə qədər cəbhədə qazanıb, masada itirirdik, amma indi uğurlu siyasət nəticəsində həm cəbhədə, həm də masada siyasi liderlərimizin səyi nəticəsində tarixin ən pik səviyyəsində səhvsiz şəkildə irəliləyirik.
Dünənə kimi Ermənistana havadarlıq edən, himayəlik edən müttəfiqləri, eləcə də Rusiya bu gün Qarabağdakı tikinti-bərpa işlərində iştirak üçün söz göndərir. Ermənistan bu gerçəkliyi görmək istəmir. "Travma", şok halı insan üçün də, dövlətlər üçün də çox kritik bir şeydir. Ermənistan bir dövlətin, millətin uğraya biləcəyi ən ağır məğlubiyyətə uğradığı üçün o "travmanı" hələ də üzərindən ata bilməyib. Və hələ də 28 il haqsız və hüquqsuz şəkildə davam etdirdiyi işğalın ərköyünlüyü ilə himayədarlarının və diaspora qüvvələrinin onu dəstəkləyəcəyini zənn edir. Amma başda Rusiya və onun dövlət başçısı Vladimir Putin olmaqla, digər böyük güclər də Qarabağın taleyinin artıq həll edildiyini, bunun Azərbaycanın haqq, hüquq savaşı olduğunu bilirlər. Beləcə, Azərbaycanın bu qələbəsi Ermənistanı hər gün bir az daha yalnızlaşdırır".
Təhməz Əsədov