Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 09:24
Əfqanıstana nəzarəti ələ alan "Taliban" hərəkatı mötədil siyasət aparacağına, qadınlara müəyyən haqlar tanıyacağına dair Kabildə verdiyi bəyanatlardan cəmi bir neçə gün keçmiş öz maskasını çıxarır və əsl simasını ortaya qoyur.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, insan haqları müdafiəçiləri taliblərin ölkənin hər yerində qadınlara və keçmiş hakimiyyətlə əməkdaşlıq edənlərə divan tutduqları, insan ovuna başladıqları haqda dəhşətli faktlar əldə edirlər.
Keçmiş hakim, insan haqları müdafiəçisi Nacla Ayubi "Sky News" telekanalına bildirib ki, "Taliban" Əfqanıstanın şimalında gənc qadını yeməyi dadsız bişirdiyi üçün diri-diri yandırıblar. Ayubi danışıb ki, gənc qadını taliblər üçün yemək hazırlamağa məcbur ediblər, amma yemək hazır olanda taliblərin xoşuna gəlməyib. Qadını "pis yemək bişirməkdə" ittiham ediblər və üstünə benzin tökərək diri-diri yandırıblar.
ABŞ-a qaçmış əfqanıstanlı insan haqları müdafiəçisi Ayubi deyib ki, qadınların döyülməsi, daş-qalaq edilməsi və digər zorakı əməllərə məruz qalması barədə çoxsaylı faktlar daxil olur. Habelə taliblər qadınları seks köləsi kimi istifadə edirlər.
Bundan əvvəl isə məlum olmuşdu ki, "Taliban" ələ keçirdiyi vilayətlərdə yerli ağsaqqallardan ərsiz qadın və qızların siyahısını tələb edib ki, onları zorla öz əsgərləri ilə evləndirsin. Taliblərin hətta 12 yaşlı qızları seks köləsi kimi istifadə etdikləri bildirilir.
Digər məlumata görə, "Taliban" Əfqanıstanın mərkəzindəki Qəzni vilayətində musiqiyə və qadınların yerli radiostansiyalarda işləməsinə qadağa qoyub. Bu barədə qərar vilayətə təyin edilmiş "Taliban" əmiri qərar çıxarıb. Vilayət avqustun 12-də taliblər tərəfindən ələ keçirilib və həmin gün yerli polis rəisi Məhəmməd Haşem Qalci yoxa çıxıb. Onun taliblər tərəfindən qətlə yetirildiyi təxmin edilir.
1990-cı illərin sonlarında Əfqanıstanda "Taliban" rejimi altında yaşayan və daha sonra Türkiyəyə qaçan miqrant qadınlar da Əfqanıstanda baş verən hadisələri narahatlıqla izləyirlər. BBC Türkcəyə danışan qadınlar, onlarla Taliban arasındakı məsafəyə baxmayaraq, Əfqanıstandan minlərlə kilometr aralıda olsalar da, sanki keçmişdə yaşadıqları qorxu hissinə qapıldığını deyirlər.
"Taliban" tərəfindən zorakılığa məruz qalan qadınlar belə deyir: "Tarix təkrarlanır. Heç kim inanmamalıdır ki, "Taliban" bu dəfə daha sakit olacaq və qadınlara zülm verməyəcək".
2014-cü ildə seçki idarəsində işləyərkən, "Taliban"ın hədəflədiyi mülkilərə qarşı hücumda ölümcül yaralanandan sonra ailəsiylə birlikdə Türkiyəyə qaçan Fərzanə deyir: "Taliban gələndə mənim 15 yaşım var idi. Bir gecə ətrafı divarlı bağçada oturmuşduq. Qonşu evdən maşınların səsi, sonra isə qadınların qışqırıqları gəlməyə başladı. Ertəsi gün taliblərin bir gənc qızı evdən götürüb apardığını öyrəndik . Bir neçə ay keçmiş artıq hamilə olan qızı geri gətirib atasının evinə qaytardılar. O, zindana aparıldığını və gecə-gündüz müxtəlif kişilər tərəfindən zorlandığını söylədi. O, ən kiçik hərəkətdən belə vahiməyə düşürdü. Özüm və digər bacılarımın başına da eyni şey gələ bilərdi. Buna görə də atam bacılarımdan birisini taliblərə verməli idi ki, digər uşaqlarına toxunmasınlar".
Fərzanə, çadrasını çıxardığı üçün "Taliban" üzvü tərəfindən şallaqlandığını belə xatırlayır: "Çox isti idi və burqaya görə nəfəs ala bilmirdim. Nəfəsimi dərmək üçün örtüyü çox qısa müddətə ağzımdan aşağı çəkdim. Birdən-birə mikroavtobusa girən taliblər məni və yanımdakı başqa qadınları şallaqladı. Başıma nə qədər zərbə vurduğumu xatırlamıram, məni huşumu itirənə qədər döydülər. Digər qadınları da döyərkən deyirdilər ki, niyə yanındakı qadına burqasını açmağa icazə verirsən? Dörd gün xəstə qaldım, amma bir dənə də olsun ağrıkəsici tapa bilmədim."