Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT indiyə qədər harada idi?

BMT indiyə qədər harada idi?

Tarix: 25 Avqust 2021 09:30

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə bir sıra həqiqətləri üzə çıxardı. İlk növbədə Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, məlum oldu ki, bizim əsl dostlarımız kimdir, özünü dost kimi təqdim edənlər kimdir və kimlər dostlarımız deyil. Bütün dünya da bunu gördü. Xüsusilə o üzə çıxdı ki, münaqişənin həlli missiyasının tapşırıldığı ATƏT-in Minsk Qrupu ədalətə söykənmir və uzun illər bu münaqişənin həllinin uzanmasının səbəbkarlarındandır. Adından da göründüyü kimi qurum Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Deməli, Avropanın təhlükəsizliyinə və əməkdaşlığına cavabdeh olan bir qurumun tərkibində olan Minsk Qrupu əsasən Avropa dövlətlərindən təşkil olunub. Bu 30 ildə biz nəyin şahidi olduq? Birləşmiş Ştatlar və Fransa ikisi birlikdə Qərb dünyasını təmsil edirlər. Qərb dünyası isə beynəlxalq ictimai fikirdə özünü demokratiyanın bayraqdarı, insan haqlarının müdafiəçisi, ədalətin keşiyində dayanan tərəf kimi təqdim edir. Reallıq isə təəssüf ki, başqa həqiqəti ortaya qoydu.

Həqiqət isə ondan ibarətdir ki, əslində bu münaqişənin 30 ildir davam etməsinin səbəbkarı elə bu münaqişəni həll etmək missiyasını üzərinə götürən tərəflər olub. Qərbin demokratiya, haqq ədalətlə bağlı söylədikləri bir çox hallarda pafosdur, gözə kül üfürməkdən başqa bir şey deyil. 30 il ərzində gördük ki, Qərbin demokratiya ilə bağlı bütün dedikləri nağıldan, əfsanədən başqa bir şey deyilmiş. Ən təzadlı olan odur ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyə başlayanda səslərini çıxarmağa, insan hüquqlarının bərpası yadlarına düşdü.

Ən önəmlisi odur ki, BMT kimi ali bir qurum işğal altında olan Azərbaycan torpaqlarının dərhal azad olunması il bağlı dörd qətnamə qəbul edib. Lakin bu illər ərzində bu qətnamələr adi kağız parçasından başqa bir şey olmadı. Yeri gəlmişkən, bu məsuliyyət eyni zamanda BMT-nin də üzərinə düşür.

BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən prezident İlham Əliyev də xüsusi qeyd edib ki, 30 il bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin əfsuslar olsun ki, bu qətnamələr icra olunmadı. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmayıb. Xüsusilə Azərbaycanı narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul ediblər. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin əfsuslar olsun ki, 30 ilə yaxın müddətdə Minsk qrupu çox imkanları əldən verib.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  BMT indiyə qədər harada idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ