Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 12:40
Hindistanda ötən həftədən etibarən yayılan müəmmalı qızdırmalı xəstəliyin mənşəyi barədə ilkin versiya irəli sürülüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəliyin geniş yayıldığı Uttar-Pradeş ştatının rəhbərliyi bu "sirli qızdırmalı xəstəliy"in denq qızdırması səbəbindən baş verə biləcəyini güman edir. Bu xəstəlik isə əsas olaraq ağcaqanadlar vasitəsilə yayılır.
"Bu cür halların artmasının səbəbi hələ də araşdırılır, lakin əlamətlər denq qızdırmasının simptomlarıdır. Məsələ ilə bağlı ölkənin səhiyyə qurumları məlumatlandırılıb", - deyə Uttar-Pradeş ştatının Baş katibinin səhiyyə məsələləri üzrə müavini Amit Mohan Prasad "İndia TV" telekanalına danışarkən bildirib.
Qeyd edək ki, ştatın yerli hakimiyyət nümayəndələri naməlum qızdırmalı xəstəlikdən 12-si uşaq olmaqla 70 nəfərin öldüyünü açıqlayıblar.
Xəstəliyə yoluxmuş şəxslərin əksəriyyətində yüksək temperatur, bədəndə suyun və qanda trombositlərin səviyyəsinin enməsi halları müşahidə edilib. Digərlərində isə denq qızdırmasına bənzəyən yüksək temperatur, güclü baş ağrısı, əzələlərdə ağrı, ürəkbulanma və limfa düyünlərinin artması kimi əlamətlər aşkarlanıb.
Açıqlamada qeyd olunur ki, leysan yağışları səbəbindən nəmişlik səviyyəsinin və temperaturun yüksək olması bu regionları qansoran həşəratlar vasitəsilə çoxalan infeksion xəstəliklərin yayılması üçün ideal məkana çevirir.