Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 21:52
“Oyunun əvvəlindən həyəcan hiss olunurdu. “Qarabağ”ın avrokuboklardakı çıxışını hər halda futbolçular izləyib. Bu, bəzi həyəcana səbəb olmuşdu. Ancaq getdikcə o həyəcanı atmağı bacardılar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə açılış matçından sonra söyləyib.
48 yaşlı mütəxəssis 74-cü dəqiqədə Emin Mehtiyevin qırmızı vərəqə alması komandanın planlarını pozduğunu deyib: "Qırmızı vərəqə gözlənilməz oldu, planlarımızı pozdu. Amma ümumilikdə pis təsir bağışlamadıq. Xüsusən də qapıçımız Stanislav Namaşko yaxşı çıxış etdi. Futbolçu qırmızı vərəqəni mübarizə zamanı alarsa, onun cəriməsini lap cibimdən də ödəyərəm.
Amma belə şeyləri heç cür bağışlaya bilmərəm. Bu, bağışlanmaz hərəkətdir. Ancaq Mehtiyev toplanış dönəmində pis çıxış etmədi. İrəlidəki turlarda özünü göstərə biləcəyimə inanıram. Ruslan Qurbanov da tam hazır deyil. Onu birinci hissədə də dəyişə bilərdim. Amma istəmədim ki, bu onun üçün zərbə olsun. Bugününkü oyun bizə ümid verdi".
Əhmədov komandanın qarşısına avrokuboka vəsiqə qazanmaq tapşırığı qoyulduğunu söyləyib: "Hədəf mükafatçılar sırasına düşmək və Avropa Liqasına vəsiqə qazanmaqdı. Əfran İsmayılov da artıq bizimlədi. Əfran hələ hazır deyil. Milli komandanın çıxışından, 4-cü turdan sonra onu meydanda görə bilərsiniz. Bugünkü oyun bizə ümid verdi. İnanıram ki, komandanın qarşıya qoyulan məqsədə çatmağa gücü çatacaq".
Baş məşqçi daha tramsfer etməyəcəklərini də vurğulayıb.