Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 22:26
Zəngin ölkələrdə COVID-19 əleyhinə azı 1,2 milyard doza artıq vaksin var. Buna baxmayaraq, xeyli ölkə yaxın aylarda daha çox doza vaksin almaqdan ötrü əczaçılıq şirkətləri ilə saziş bağlamaqda davam edir.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın (GAVI) ölkələr və hökumətlərlə iş üzrə direktoru Santyaqo Kornexo bildirib. O izah edib ki, vaksinlərin tədarükündə belə uyğunsuzluq dünya əhalisinin çox hissəsi üçün hələ də əlçatmaz olan immunlaşdırıcıların bərabər təminatı üzrə səylərə maneçilik törədir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ehtiyat etdiyi hadisə baş verib. İnkişaf etmiş ölkələrin yüz milyonlarla doza vaksin əldə edərək, bir-birinin ardınca öz əhalisinə vaksinin üçüncü dozasını vurdurmaq təkliflərinə baxmayaraq, GAVI-nin son məlumatına əsasən, Afrika əhalisinin yalnız 5,8 faizi vaksinin birinci dozası ilə immunlaşdırılıb.
Gələn həftə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının iclası keçiriləcək. Qurumun prezidenti, Maldivin xarici işlər naziri Abdulla Şahid bildirib ki, vaksinlərin əldə edilməsi prosesində çatışmazlıqların necə aradan qaldırılmasının müzakirəsi məqsədilə liderlər və ekspertlərlə görüş keçirməyi planlaşdırır.
Alimlər əmindirlər ki, vaksinlərin qeyri-bərabər əldə edilməsi koronavirusun daha təhlükəli ştamlarının əmələ gəlməsinin əsas səbəblərindən biridir. Bu variantlar bəzi hallarda daha ciddi xəstəliklərə səbəb olur. İxraca qoyulan bütün qadağaların, xüsusən Hindistan hökumətinin istehsalçılar üzərinə qoyduğu qadağanın aradan götürülməsi və istehsalçıları COVAX-a və Afrika İttifaqına öz məhsullarının tədarükünü artırmağa inandırmaq əsas prioritetlərdən biridir.
COVAX dünyanın 141 ölkəsinə COVID əleyhinə 280 milyon doza vaksin paylayıb. Bunlardan 76 milyon doza Afrikaya, təqribən 45 milyon doza Latın Amerikası və Karib hövzəsi ölkələrinə göndərilib. Həmin ölkələrin əhalisinin 58 faizi vaksinin birinci dozası ilə, 35 faizi isə tam immunlaşdırılıb.
COVAX bütün dünyada ədalətli şəkildə peyvəndlənmə istiqamətində yaranan çətinlikləri nəzərə alaraq etiraf edib ki, bu il planlaşdırıldığı kimi, inkişaf etməkdə olan ölkələrə 2 milyard doza vaksin tədarük edə bilməyəcək. COVAX cəmi 1,4 milyard doza vaksinə malik olacaq. Ona görə təşkilat 2021-ci ilin sonunadək bütün yoxsul ölkələrin əhalisinin 40 faizinin peyvəndlənməsinə zəmanət verəcəyi barədə hədəfini azaltmalı olub.