Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 10:12
30 il öncə bəşəriyyət tarixinin ən böyük tarixi ədalətsizliyinin şahidi oldu. Dünya birliyinin gözü qarşısında bir milyona yaxın insanın ev-eşiyindən məhrum olması, torpaqlarının işğalı yaşandı. Və 30 il Azərbaycan yaşadığı tarixi ədalətsizliyi, torpaqların işğalına səbrlə dözdü. Ümid etdi ki, münaqişənin həllini öz üzərinə götürən təşkilatlar, qurumlar ədalətslizliyə son qoyub, onun pozulan hüquqlarını nəhayət bərpa edəcəklər. BMT kimi ali qurumun qəbul etdiyi və Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamələrini yerinə yetirəcək.
Qətnamə, yaxud adi kağız parçası
Lakin bəlli oldu ki, bu qətnamələr sadəcə kağız parçasından başqa bir şey deyil. Və 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan üzləşdiyi tarixi ədalətsizliyi təkbaşına həll etdi. Yüz minlərlə insanın pozulan hüquqlarını bərpa etdi, onların öz doğma torpaqlarına qayıtmaq arzusunu reallaşdırdı. Prezident İlham Əliyevin elə həmin BMT-nin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirəsində dediyi kimi, "Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub". Ölkə prezidenti 200-ə yaxın dövlətin rəhbərinin diqqətinə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymayıb.
Nədən Azərbaycana gəldikdə qərarlar qüvvədən düşür?
Maraqlıdr, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə 27 il icra olunmamış qaldı. Ölkə prezidentinin qeyd etdiyi kimi, bu isə ikili standartların bariz nümunəsidir. "Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var". Prezident ATƏT-in Minsk qrupunu da sərt tənqid edib. Onu üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Azərbaycan dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, təssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti "Qarabağ Ermənistandır və nöqtə" və "bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq" kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız "yeddi şərt" irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.
27 il reallaşmayan qətnamə 44 gün ərzində yerinə yetirildi
Səbr kasası daşan Azərbaycan nəhayət 44 günlük müharibə ilə BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur.
Alpər İsmayıl