Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Rusiyanın yüksəkvəzifəli nümayəndələri deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır

Prezident İlham Əliyev: Rusiyanın yüksəkvəzifəli nümayəndələri deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır

Tarix: 28 Sentyabr 2021 13:21

Biz bütün bu hallarla (təxribat qruplarının rahat hərəkət etməsi, Laçın dəhlizinə nəzarət olunması-red.) bağlı Rusiyaya öz haqlı iradlarımızı bildiririk. Ancaq təxribat qrupunun oraya daxil olması o vaxt olub ki, Rusiya sülhməramlı qüvvələri hələ tam yerləşməmişdi. Çünki noyabrın 10-da müharibə başa çatdı, ondan sonra bir müddət lazım idi ki, Rusiya sülhməramlı qüvvələr - iki minə yaxın əsgər oraya yerləşsin və orada boşluqlar çox idi. Yəni, burada biz ədalətli olmalıyıq. Onlar o yeri tam mühafizə edə bilməmişdilər və ermənilər də bundan istifadə edib bizim azad edilmiş ərazilərə daxil oldular.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti barədə suala cavabında söyləyib.

Dövlətimizin başçısı bildirib ki, ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər.

"Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var - ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, bu, hələ tam yüz faiz həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Onu da bildirməliyəm ki, bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur Ancaq biz, əlbəttə, istərdik ki, suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə sayğı göstərilsin. Zatən, Rusiyanın rəsmi nümayəndələri, yüksəkvəzifəli nümayəndələr deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır və belə olan halda, yerlərdə, orada xidmət göstərən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətini aparmalıdırlar", - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Etiketlər:  Prezident İlham Əliyev Rusiyanın yüksəkvəzifəli nümayəndələri deyirlər Qarabağ Azərbaycan torpağıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ