Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 08:27
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi, şanlı qələbənin bir ilinin tamamlanmasına sayılı günlər qalıb. Ölkəmizdə İlk dəfə qeyd ediləcək zəfər günü ərəfəsində Qazaxın 7 kəndi, Kərki eksklavı, Zəngəzur dəhlizi kimi həllini gözləyən məsələlər yenidən aktuallaşıb. Son günlər Ermənistan, Azərbaycan Türkiyə və Rusiya arasında diplomatik aktivliyi də nəzərə alsaq, belə bir sual yaranır: Zəfər günündə Qazaxın 7 kəndi və ya digər həllini gözləyən məsələlərdən biri ilə bağlı şad xəbər eşidə biləcəyik?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi analitik Turab Rzayev bildirib ki, Zəfər günü bizim üçün qələbə günü olsa da, Ermənistan üçün məğlubiyyət günüdür.
"Bu mənada Qazaxın 7 kəndi və ya Kərki eksklavı ilə bağlı məsələnin məhz Zəfər günündə öz həllini tapması hər iki tərəf üçün də doğru olmaz. Söhbət ondan gedir ki, belə bir razılıq əldə edilsə belə, bu iki ölkə üçün də uyğun bir gündə açıqlana bilər. Rəsmi Bakı üçün nəticə vacibdir, bu nəticənin hansı gündə əldə ediləcəyi yox. Azərbaycan heç vaxt Ermənistanı nəyəsə təhrik edəcək addım atmayıb, çətin ki, də atsın. Bu gərinliyi artırmaqdan başqa heç bir effekt verməz. Digər tərəfdən bu addım danışıqlar prosesinə, regionda sülhün təmin edilməsinə ciddi zərər verə bilər".
T.Rzayevin sözlərinə görə, Qazaxın 7 kəndi və Kərki eksklavı ilə bağlı məsələ hazrda danışıqlar prosesinin gündəmində olmasa da, Zəngəzur dəhlizi ilə bağlı təmaslar davam edir:
"Rəsmi İrəvan hər nə qədər Zəngəzur dəhlizi ilə bağlı məsələnin gündəmdə olmadığını desə də, Ankara və Bakının bu məsələdəki mövqeyi dəyişməzdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışda da açıq şəkildə dedi ki, biz Azərbaycana həm dəmiryolu, həm də avtomobil yolu çəkəcəyik. Yəni buradan da görünür ki, Türkiyə bu məsələdə Azərbaycana dəstəkdir və bu dəstək günü-gündən artmağa davam edir.
Düzdür, bu və digər məsələlər bir gündə həll olunmasa da, nəticə etibarilə gec-tez həl ediləcək. Bu istiqamətdə ciddi işlər gedir. Son günlər müşahidə etdiyimiz diplomatik aktivlik də bunu sübut edir".