Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 23:12
İnternetdə artıq yeni iPhone 13 modelləri üzərində aparılan bir sıra testlər ortaya çıxmağa başlayıblar. EverythingApplePro adlı məşhur Youtube kanalının müəllifi isə iPhone 13 Pro və iPhone 13 Pro Max modellərinin dözümlülüklərini yoxlayıb. Belə ki, o, sözügedən smartfonları müxtəlif yüksəklikdən yerə atıb və nəticədə onların gövdələrinin nə dərəcədə dözümlü olduqlarını yoxlayıb. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar paslanmaz poladdan hazırlanmış çərçivələrə sahib gövdə və Ceramic Shield adlı ekran qoruyucusu əldə ediblər. Apple şirkətinin verdiyi məlumata əsasən Ceramic Shield hal hazırda bazarda olan ən dözümlü ekran qoyucusudur.
Beləliklə bu smartfonların kəmər hündürlüyündən gövdə küncləri üzərlərinə beton səthə atılmaları nəticəsində zərbə yerlərində nəzərə çarpmayan cızıqlar əmələ gəlib. Smartfonların eyni hündürlükdən arxa və ön panelləri üzərlərinə düşüşləri nəticəsində də heç bir ciddi zədə baş verməyib. Növbəti test mərhələsində smartfonlar insan boyu hündürlüyündən yerə atılıblar. Test çərçivəsində smartfonlar gövdə küncləri və arxa panelləri üzərlərinə düşüşdən salamat çıxa biliblər. Lakin insan boyu hündürlüyündən düşüş testi zamanı iPhone 13 Pro-nun ekranı üzərində çatlar əmələ gəlib. iPhone 13 Pro Max modelinin ekranı isə heç bir zədə görməyib.
Sonda hər iki smartfon 3 metr hündürlükdən yerə atılıb. Bu test çərçivəsində gövdə küncləri üzərlərinə düşüş nəticəsində iPhone 13 Pro modelinin arxa panelində çatlar əmələ gəlib. iPhone 13 Pro Max modeli isə 3 metr hündürlükdən olmuş düşüşdən salamat çıxıb. Nəticədə həm arxa həm də ön panellər üzərlərinə düşüş testləri zamanı iPhone 13 Pro Max modelində də çatlar əmələ gəlib. Çatların əmələ gəlmələrinə baxmayaraq smartfon normal şəkildə çalışmağa davam edib. EverythingApplePro Youtube kanalının müəllifi yeni iPhone 13 modellərinin dözümlülüklərini yüksək qiymətləndirib.