Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 08:48
Qulaq yevstaxı borusu vasitəsilə burun boşluğu ilə ələqəlidir. Bu səbəbdən istinilən burun-udlaq iltihabları zamanı infeksiyalar, viruslar, mikroblar orta qulağa düşə bilər.
Nəticədə insanda otit inkişaf edə bilər. İmmin sisteminin zəifləməsi, soyuqlama və digər xəstəliklər otitin yaranmasına təkan verə bilər. Qulağın istənilən travmaları, dayvinq və alpinizm kimi idman növləri də otitin inkişafına şərait yarada bilər.
Saglamolun.az xəbər verir ki, otit müxtəlif yaşda olan insanlarda inkişaf edə bilər. Lakin uşaqlarda otit daha tez-tez təsadüf edilir.
Otit xarici, orta və daxili ola bilər. Xarici otit zamanı qulağın dərisi və dərialtı birləşdirici toxuması iltihablaşır, qulaqda furunkul (irinlik) əmələ gələ bilər. Bu zaman insan qulaqda ağrı hiss edir, ağrı çeynəmə və danışıq zamanı artır. Adətən furunkul yetişdikdən sonra özü-özündən açılır. Xarici otit zamanı eşitmə pozulmur.
Orta qulağın iltihabına daha tez-tez təsadüf edilir. İlk növbədə evstaxı borusu (eşitmə borusu) iltihabıaşır. Boru ödemləşir və xəstənin qulağı tutulur, eşitmə pozulur. Xəstədə qulaqda öz səsinin eşitməsi hissi yaranır. İnsan çeynədikdə və ya ağız suyunu udduqda qulaq açılır, sonra isə yenə tutulur.
Əgər xəstəliyin bu mərhələsində immun sistemi və ya müalicə xəstəliyin qarşısını almazsa, iltihab bütün orta qulağın boşluğunu əhatə edəcək. Qulaqda güclü ağrılar yaranır, ağrılar aşağı çənəyə, gicgaha və boyuna verir, hərarət artır, eşitmə pozulur. Orta qulağın daxilində maye əmələ gəlir və tez bir zamanda irinə çevrilir. Bu artıq irinli otitdir.
Xəstəliyin 3-cü-4-cü günü irin təbil pərdəsini deşir və qulaqdan axmağa başlayır. Bu zaman xəstə görür ki, onun qulağından maye axır. Bundan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşır - ağrı azalır, hərarət düşür. Lakin bu heç də o demək deyil ki, sağalma baş verib. Müalicə olunmadığı halda qulaqda olan maye qatılaşır və burada bitişmələrin və çapıqların əmələ gəlməsinə səbəb olur. Bunun nəticəsində xəstədə eşitmə davamlı pozulur (hətta karlıq inkişaf edə bilər).
Daxili qulağın iltihabı zamanı xəstədə eşitmənin pisləşməsi, qulaqda küy, başgicəllənməsi kimi simptomlar inkişaf edir. Başgicəllənməsi ürəkbulanması və qusma ilə müşayiət oluna bilər.
Otitin ilk simptomlarında mütləq LOR həkiminə müraciət etmək lazımdır. Müayinədən sonra həkim xəstəyə lazım olan müalicə təyin edir. İrinli otit zamanı antibakterial terapiya ("antibiotik"lər) tətbiq olunur.
Otit zamanı xəstəyə ağrısızlaşdıran preparatlar, xüsusi qulaq damcıları, antihistamin preparatlar təyin oluna bilər. Qulaq damcılarını yalnız həkim və yalnız müayinədən sonra təyin etməlidir. Məsələ burasındadır ki, qulaq damcıları təbil pərdəsi yırtıldıqda istifadə olunmur, bu zaman dərman qulaq sinirini zədələyə bilər. Otit zamanı qulaqları istidə saxlamaq lazımdır (papaq taxmaq və s.), lakin isti qrelka və digər isindirici vasitələri istifadə etmək olmaz. Həddən artıq isti iltihabın daha da artmasına səbəb olacaq.
Otit çox ağır və təhlükəli fəsadları verə bilər - meningit (beyin qişaların iltihabı), irinli meninqoensefalit (beyinin və beyin qişaların irinli iltihabı), sepsis (qanın iltihabı). Bu səbəbdən otitin ilk simptomlarında mütləq həkimə müraciət edin.