Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 14:56
Qubada əslən Axısqa türkü olan şəhidin xatirəsinə bulaq inşa edilib
Əslən Axısqa türkü olan Batdal Bayraqdarovun xatirəsini ədəbiləşdirmək məqsədi ilə rayon rəhbərliyi və yerli sakinlər tərəfindən abidə və bulaq kompleksi inşa edilib. Kompleksin açılışı mərasimində Quba RİH başçısı Ziyəddin Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri və kənd sakinləri iştirak etdi. Çıxış edənlər bildirdi ki, Vətən müharibəsində tarixi və əbədi düşmənimiz ermənilərə qan udduran cəsur oğullarımız, millət seçimi etmədən döyüşlərdə birlik, əzmkarlıq və bir-birinə dayaq, dəstək nümayiş etdirdilər. Zəfər Qələbəsinin qazanılmasında ölkəmiz yaşayan azsaylı xalqların nümayəndələri ancaq bir amal uğrunda, Azərbaycanımızın bütövlüyü və Qarabağ torpaqlarının düşməndən təmizlənməsi uğrunda döyüşdülər. Bu yolda şəhadətə yüksələn qəhrəmanların xatirəsi xalqımız tərəfindən daim yad edilir. Mərsimdə məktəblilər vətənpərvərliyə və şəhidlərimizə həsr edilən şeirlər səsləndirildi. Abidə kompleksi tədbir işdirakçıları tərəfindən ziyarət olundu.
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin sözlərinə görə, ölkəmizdə tolerantlıq nümünəsi olan Qubada uzun illər müxtəlif azsaylı xalqlar mehriban şəraitdə yaşamaqdadır. Vətən müharibəsində də onlar birlik nümayiş etdirməklə bir daha əsl vətəndaşlıq sevgilərini sübut etdilər.
Şimal bölgəsi üzrə Axısqa Türkləri Cəmiyyətinin sədri Səlim Rizmanovun sözlərinə görə, Vətən müharibəsində Axısqa Türkləri qardaşlıq prinsipini növbəti dəfə isbat etdi.
Abidə kompleksinin tikintisini yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımdan çox qürurlandıqlarını bildirdilər. Onlar hesab edir ki, bu təşəbbüs canını vətənə fəda edən qəhrəmanlara göstərilən böyük dəyərdir.
Qeyd edək ki, 2002-ci ildə Qubanın Ağbil kəndində anadan olan Batdal Bayraqdarov Vətən müharibəmiz başlayan gündən döyüşlərə qatılıb. O, Cəbrayıl rayonun işğaldan azad olunmasında böyük fədakarlıq göstərib. Füzuli şəhəri uğrunda gedən qızğın döyüşdə isə mənfur düşmənin atdığı artilleriya qəlpəsi nəticəsində ağır yaralanaraq şəhid olub.