Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Avropanın əsas aktoruna çevrilir - Yeni qaz yataqları kəşf edildi

Azərbaycan Avropanın əsas aktoruna çevrilir - Yeni qaz yataqları kəşf edildi

Tarix: 13 Oktyabr 2021 17:06

44 günlük müharibənin başladığı gündən bu günə kimi savaşın soyuq nöqtəsi hesab edilən informasiya mübarizəsində Prezident İlham Əliyevin onlarla yerli və xarici KİV mənsublarına verdiyi müsahibələr postkonflikt dövründə qələbəmizi daha da möhkəmləndirən əsas xəttdir.

Dövlət başçısının İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsi də bu qəbildən hesab edilə bilər. İlham Əliyev bu müsahibə vasitəsilə Qərb auditoriyasını II Qarabağ müharibəsindən sonra Qarabağda, ümumiyyətlə bölgədə və regiondakı son proseslərdən agah etməklə yanaşı, Azərbaycana qarşı qarayaxma kompaniyası aparan, revanşist qüvvələrin, işğalçı rejimin ritorikasını qüvvətləndirən dövlətlər, dövlət rəsmiləri və təşkilatlara da növbəti dəfə lazımi mesajları göndərib.

Dövlət başçısının "Avropa İttifaqı nəqliyyat potensialımıza böyük maraq göstərir" sözləri Aİ-nin Azərbaycanın 44 günlük savaşla regionda yaratdığı yeni reallığı qəbul etdiyinin növbəti təsdiqidir. 10 noyabr üçtərəfli sazişdə nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı məsələ isə Azərbaycanın yaratdığı yeni reallıq fonunda nəqliyyat potensialı baxımından həm bölgə, həm də ümumilikdə Avrasiya üçün gələcəkdə nəfəslik ola bilər. 

Görünür Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı ətraflı müzakirələr zamanı təkcə enerji kimi ənənəvi sahələr yox, eyni zamanda nəhəng layihələrin başlanğıcına çevriləcək Zəngəzur dəhlizi məsələsi də geniş müzakirə predmeti olub.

Prezident "Biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır" deməklə rəsmi Bakının Aİ ilə artıq bu dəhlizlə bağlı gələcək planlar barədə də müəyyən təsəvvürlərin nəzərdən keçirildiyinə işarə edib. 

Aydın məsələdir ki, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycan və Türkiyə ilə yanaşı bu yeni nəqliyyat layihəsi ilə bir çox dövlətlər, millətlər, sivilzasiyalar birləşəcək. Və beləliklə, bizlə bu əmkdaşlığa, bu iş birliyinə razı olan ölkələr üçün, eləcə də Ermənistanın özü üçün də yeni fürsətlər ortaya çıxacaq. Azərbaycan isə bu əməkdaşlığın başında gedən ölkə kimi Avropanın əsas aktoruna çevrilmək yolunda vacib addım atmış olacaq. Ən əsası isə Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də quru əlaqəsini bərpa etmiş olacaq.

Müsahibə zamanı "İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq" deyən İlham Əliyev, bununla müstəqilliyimizin bərpasının ilk illərindən  Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biri olan enerji siyasətimizin dəyişməz olaraq qalacağına diqqət çəkib. Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılmasının böyük əhəmiyyət daşıdığını enerji təhlükəsizliyi məsələsində prearitet xətt hesab edən dövlət başçısı, bundan sonra Azərbaycanın Avropada nüfuzunun daha da artması, səsinə səs verənlərin çox olması, sözünün keçməsi baxımından olduqca vacib məsələ hesab edir. Elə bunun təsdiqidir ki, Azərbaycanın indi əsas diqqəti Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəlib.

Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmində olduğunu göstərir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Son bir neçə ildə uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi deyilənlərə yaxşı nümunədir. "Şahdəniz" yatağının ehtiyatlarının işlənməsi və eyni zamanda yeni qaz yataqlarının kəşfini də nəzərə alsaq, deyə bilərik ki, ölkəmizin "qoca qitə"nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq.

Təsadüfü deyil ki, Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə kimi məhz Azərbaycanın adını çəkirlər, eyni zamanda Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.

Ümumilikdə isə müstəqilliyin bərpasından (18 oktyabr 1991) üzü bəri Azərbaycanın Avropada həyata keçirdiyi, tərəfdaş olduğu iri layihələrin ölkəmiz üçün nə qədər uzaqgörən, gələcəyə hesablanmış və yeni tarxi yazmaq nöqteyi nəzərdən əhəmiyyətini göstərdi. Vətən müharibəsindəki tarixi qalibiyyət heç şübhəsiz ki, 3 ilin, 5 ilin, 10 ilin işi deyildi. 30 illik işğala son qoymaq üçün Azərbaycan dövləti uzun starteji yol xəritəsi hesabına nail oldu ki, bu gün biz həmin gündəliyin yazılması üçün düşünülmüş, qətiyyətli siyasətin hansı nailiyyətlərə gətirib çıxardığının şahidiyik. 

Azərbaycan Prezidentinin "La Repubblica" qəzetinə müsahibəsində dediyi kimi, bizim indi planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır. Bu günki Azərbaycan bütün qarşısına çıxan əngəlləri, maneələri aşmaq gücündədir. Buna istər Ordusunun, istərsə də xalq, hakimiyyət birliyi timsalında siyasi sferada bütün dünyaya göstərdi və bundan sonra da bu belə davam edəcək.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Azərbaycan Avropanın əsas aktoruna çevrilir Yeni qaz yataqları kəşf edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ