Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜMT: Son yeddi il meteoroloji müşahidələr tarixində ən isti illər olub

ÜMT: Son yeddi il meteoroloji müşahidələr tarixində ən isti illər olub

Tarix: 1 Noyabr 2021 21:34

Oktyabrın 31-də Qlazqoda BMT-nin iqlim konfransı işə başlayıb. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bu münasibətlə dərc edilmiş yeni məruzəsində göstərilir ki, son yeddi il meteoroloji müşahidələr tarixində ən isti illər olub, bu müddətdə dünya okeanının səviyyəsi isə artaraq yeni maksimuma çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ÜMT-nin 2021-ci il üçün ilkin hesabatında BMT-nin bir sıra agentliklərinin, milli meteorologiya və hidrologiya xidmətlərinin məlumatları, habelə aparıcı elmi ekspertlərin proqnozları toplanıb.

BMT-nin Baş katibi Antonio Quterreş bu məruzənin dərc edilməsi ilə əlaqədar video-müraciətində deyib: "ÜMT-nin qlobal iqlim vəziyyəti barədə hesabatından görünür ki, planetimiz gözlərimizin qarşısında dəyişir. Bütün dünyada ekosistemlər dağılır. Alimlər öz sözlərini deyiblər, indi növbə siyasi liderlərindir. Biz öz gələcəyimizi qorumaq və bəşəriyyəti xilas etmək üçün dərhal fəaliyyətə başlamalıyıq".

ÜMT-nin yeni məruzəsi BMT-nin Qlazqoda keçirilən iqlim konfransında əsas sənədlərdən biri olacaq. Bu məruzə forum iştirakçılarının danışıqları zamanı elmi baza kimi istifadə ediləcək.

Dənizlərin orta səviyyəsinin dəyişməsi ilk növbədə dəniz suyunun istiləşməsi və quruda buzların əriməsi nəticəsində okeanın istiləşmə dərəcəsindən asılıdır.

1993-2002-ci illərdə dəniz səviyyəsinin orta artımı ildə 2,1 millimetr olduğu halda 2013-2021-ci illərdə müvafiq göstərici 4,4 millimetrə çatıb. Bu, əsas etibarilə buzların kütləsinin sürətlə itirilməsi ilə bağlıdır.

Bu il iyulun 9-da Ölüm Vadisində (Kaliforniya) temperatur Selsi şkalası üzrə 54,4 dərəcəyə çatıb. Bu, 2020-ci ilin rekord göstəricisinə bərabərdir. Ümumiyyətlə, builki yay Birləşmiş Ştatların kontinental hissəsinin tarixində ən isti yay olub.

Son 10 ildə hava ilə bağlı ekstremal hadisələrin tez-tez baş verməsi iqtisadi sarsıntılara səbəb olub. COVID-19 pandemiyası nəticəsində vəziyyət daha da kəskinləşib, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması məsələsində son onilliklərdə əldə edilmiş irəliləyiş öz əhəmiyyətini itirib.


Etiketlər:  ÜMT yeddi meteoroloji müşahidələr tarixində isti illər olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ