Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəfər tarixini əbədiləşdirmək üçün 500 manatlıq banknot - VİDEO

Zəfər tarixini əbədiləşdirmək üçün 500 manatlıq banknot - VİDEO

Tarix: 5 Noyabr 2021 16:22

Mərkəzi Bank tərəfindən Azərbaycan Ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə xatirə pul nişanları tədavülə buraxılıb. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Zəfər tarixini əbədiləşdirmək üçün 500 manat nominallı "ZƏFƏR" xatirə banknotu, qızıl və gümüşdən hazırlanmış "Zəfər" xatirə monetası, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə "Şuşa" şəhərinə, "Cəbrayıl", "Qubadlı", "Ağdam", "Zəngilan", "Füzuli", "Laçın", "Kəlbəcər", "Xocavənd" rayonlarına və "Suqovuşan" qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələri tədavülə buraxılıb. 

Xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin "Qarabağ Azərbaycandır!" ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də "8 Noyabr Zəfər Günü" sözləri, Qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunub. Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində "Qarabağ" mövzusuna həsr olunmuş 20 manatlıq əsginasının da yenilənməsini həyata keçirib və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur. "Qarabağ" mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və Qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və "Qarabağ" sözü ön plana çəkilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Zəfər tarixini əbədiləşdirmək üçün manatlıq banknot VİDEO


RƏYLƏR