Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk maaşına qurban kəsdirib paylatdıran 19 yaşlı şəhid - FOTO

İlk maaşına qurban kəsdirib paylatdıran 19 yaşlı şəhid - FOTO

Tarix: 5 Noyabr 2021 22:12

Axırıncı dəfə Orxanla sentyabrın 19-da görüşdüm, oturub çay içdik, söhbət elədik. Onda müharibə başlayacağına dair söz-söhbət gəzirdi. Orxandan bu haqda soruşanda inkar elədi, dedi yalan informasiyadır, hər eşitdiyinizə fikir verməyin. Görüş zamanı hətta mənə pul da verdi ki, qurban kəsib paylayım. İlk maaşını almışdı, onun şirinliyini qurban kəsdirib paylatdırmaqla qeyd etdi. Mənə demişdi ki, qurban kəsiləndə, paylananda şəkillərini çəkib ona göndərim. Onun dediyi kimi etdim, niyyətinə uyğun olaraq qurbanını kəsib payladım. Şəkillərini çəkib ona göndərsəm də, telefon şəbəkəsi yaxşı işləmədiyindən baxa bilmədi. Orxanla sonuncu telefon danışığı sentyabrın 23-də oldu. Bundan bir neçə gün sonra müharibə başladı və Orxanla əlaqə saxlaya bilmədik. Oğlum Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri oldu. Həm də gənc yaşda... Cəmi 19 il yaşadı. Xeyirxah əməllə və ən gözəl ölümlə Allahın dərgahına getdi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Orxan Daşdəmirovun atası Rəfael Daşdəmirov deyib.

Daşdəmirov Orxan Rəfael oğlu 2001-ci il yanvarın 27-də Xaçmaz rayonunun Hülövlü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2009-cu ilin yanvarında müddətli həqiqi hərbi xidmətə yollanan Orxan Cəlilabadda Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində hərbi xidmət keçib. Hərbi xidməti bitirməsinə bir neçə ay qalmış Xüsusi Təyinatlı Qüvvələrin gizir hazırlığı kurslarına qatılıb. Kursu bitirəndən sonra kiçik gizir kimi Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan Orxan Murovdağda vacib yüksəkliklərin düşməndən təmizlənməsində və Kəlbəcər istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Sentyabrın 28-də Kəlbəcərdə "Susuzluq" adlanan yüksəklikdə gedən döyüşlər zamanı pulemyot güllələrinə tuş gəlib və aldığı xəsarətlər nəticəsində şəhid olub. Ölümündən sonra "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Şəhidin atası deyib: "İki övladım var idi: bir oğlan, bir qız. Orxan evin böyüyü, ilk sevincimiz idi. Kiçik yaşlarından cəsarətli, qorxmaz uşaq idi. Hərbçi olmağı, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü olmağı çox arzulayırdı. Orxanın bir hərbçi kimi ilk vacib sınağı Vətən müharibəsi oldu. O, bizə döyüşlərə qatıldığını bildirmədi. Lakin mən bilirdim ki, Orxan heç vaxt döyüşlərdən kənarda qalmazdı. Oğlum hərbçi olmağı elə-belə istəməmişdi. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşmək Orxanın arzusu idi. Orxan həyatda arzuladığı əsas arzularına çatmağı bacardı. Ömrü qısa olsa da, məqsədinə nail ola bildi. Oğlum həyatının ilk və ən vacib sınağından şəhadətə yüksələrək üzüağ çıxdı.

Orxan sentyabrın 28-də Kəlbəcərdə şəhid oldu, mənə xəbəri sentyabrın 29-da verdilər. Sentyabrın 30-da Orxanı Hülövlü kənd qəbiristanlığında torpağa tapşırdıq. Tək oğul övladını, arxa-dayağı itirmək çətin olduğu qədər, onun qısa ömrünə sığan şərəfli həyat yolu bir ata kimi məni qürurlandırır. Oğlumun şəhid olduğu torpaqların düşməndən təmizlənməsi ən böyük təsəllimizdir. Orxanın döyüş yoldaşları onun haqqında ağızdolusu danışırlar. Çox fərəhlənirəm ki, elə övlad böyütmüşəm".

Şəhid atası dövlət qayğısından razılıq ifadə edərək minnətdarlığını bildirib. O, "YAŞAT" Fondunun məişət şəraitinin yaxşılaşdırılması məqsədilə maddi dəstək göstərdiyini də qeyd edib.


Etiketlər:  İlk maaşına qurban kəsdirib paylatdıran yaşlı şəhid FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ