Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 22:36
Kovid zamanı damarlarda, bədəndə, beyində nələr baş verir?
Yaxşı ki, bu virus sayəsində 149.000 kilometrlik qan-damar sistemimiz yada düşdü
Kovid çox ağıllı, aqressiv virusdur, ancaq zəka və ağılla ona qalib gələ bilərik
2 ildir ki, dünya ilə birgə Azərbaycan kovid virusu ilə müharibədədir. Pandemiya davam edir, virus cilddən-cildə düşür, bir çox elm adamları da kovidlə barışmalı olacağımızı deyir.
Kovid ilk başda ağciyərlərdə pnevmoniya yaradır təsiri bağışlasa da, fəlakətin qan damarlarında baş verdiyi və problemin qan laxtalanması, tromblaşmada olduğu aşkar oldu. Ondan sonra müalicədə xəstələrə qandurulducular təyin edildi.
Koronavirus qan damarlarındakı problemləri bir daha aktuallaşdırdığı üçün damarlarmızı daha dərindən tanımalı və qorumalıyıq.
10 ildir Azərbaycanda çalışan, dünyaca məşhur invaziv radioloq, endovaskular cərrah, professor Ahmet Memiş koronavirusun endovaskulyar təsiri, pandemiyanın bundan sonrakı gedişatı barədə suallarımızı cavablandırıb.
Sonxeber.net uzman həkimlə müsahibəni təqdim edir.
- Ahmet hoca, koronavirus pandemiyası illərdir dediyiniz damar sisteminin önəmliyini üzə çıxartdı. Aydın oldu ki, müasir insanların qanı, damarları da buna hazır deyildi. Bir çoxları koronavirusun damarları hədəfə aldığını deyir. Siz necə düşünürsüz, koronavirus bir vaskulit xəstəliyidirmi?
- Hər şeydən öncə deyim, yaxşı ki, bu virus sayəsində damar sistemini ayrıca bir orqan sistemi kimi qəbul etdik, özü də çox vacib bir sistem olduğunu anladıq. Yoxsa, bu vaxta qədər bədənimizdə 149.000 kilometrlik damarlarımız bəzən heç sayılırdı.
İnsan orqanizmində bir çox sistemlər var. Tənəffüs, ürək, mədə-bağırsaq, nevroloji sistem, qan damar sistemi.
Bədənimizin hər sahəsində, hər orqanın öz damarları var, damar sistemi həmin orqanı qidalandırır. Bilməli olduğumuz budur ki, kovid tək bir yox ,bütünlükdə multisistem zədələyicidir. Sadəcə damar sistemini zədələyir, xəstəni trombdan öldürür demək doğru deyil. Əsas tənəffüs sistemini tutarkən ağciyərlərdə yaranan problem alveolların bərkiməsidir, buna ``buzlu şüşə goruntusu`` deyirik. Halbuki orda fiziki olaraq heç bir buz, şüşə yaranmır.
Alveollar tutulduqda, oksigenin qana daxil olması, karbonun bədəndən xaric edilməsi mümkünsüz hala gəlir, ağciyərlərin elastikliyi azalır. Ağciyərlərə hər nəfəs alış verişimizdə iki litrə yaxın hava girib çıxır. Biz o hava sayəsində bədəndəki kirli qanı təmizləyirik. Ağciyər bərkləşincə kifayət qədər hava daxil edə bilmirik, burda pis havanın da atılması mümkün olmur.
Koviddən sonra kəskin insultlarla xəstələr gəlir. Damar sistemində öldürücü endotelit, vaskulit baş verir.
Endotel damarın iç divarıdır, hansı ki, axan qanla birbaşa təmas edir. Bu səthdə iltihab olduğu zaman damar divarı pozulur. Tromblar da bu zaman yaranır. Damar divarı çox parlaq, tərtəmiz, sürüşkən olmalıdır. Damarın endotel qatı o qədər hamar düzgün olmalıdır ki, trombositlər damar divarına yapışıb orda tromb əmələ gətirməsin.
Əslində vaskulitlər öncədən də çox sayda bəzi xəstəliklərdə həmişə olub. Təkcə koviddə baş verməz.
İpək yolu boyu dediyimiz Türkiyə, Azərbaycan, İran kimi bölgələrə xas olan spesifik vaskulitlər var. Güman edilir ki, bu bölgədə vərəm xəstəliyi aktiv olduğu üçün vaskulitlər də çox yaranıb. Vaskulitlərin çoxunun səbəbi bilinmir.
Təcrübəmiz göstərir ki, kovid vaskulitinin digər vaskulitlərdən fərqli damarda endotelit dediyimiz sahədə iltihab yaratmasıdır.
Kovid təkbaşına heç bir fəsad buraxmadan keçib gedə bilər. Amma bəzi insanlarda, daha çox yaşlı və kişilərdə damar sistemini daha çox tutur. Bir həftə içində 3 xəstəm gəldi, kovid sonrası beyin boyuk damar tromblasmasi nəticesində insult keçirib. Bəzi xəstələrdə beyindəki kiçik damarlar tutulmuş olub. Bu həqiqətən neyrovaskulyar problemdir. Kovid həkimləri çox təəccübləndirdi, çox ağıllı bir virusdur.
- Kimlərdə fəsadlar daha ağır və qalıcı olur? İnsanlar necə qorunmaldır? Hansı müayinələr mütləqdir?
- Əsas problem zatən əvvəldən deyildi, risk qrupundadır. Bunlar kimlərdir: siqaret çəkən, cox içki içən, diabeti, təzyiqi yüksək, çəkisi çox, piylənməsi olan, yaşı 50-dən yuxarı, damar divarı əvvəldən pozulmuş olan xəstələr, daha çox da kişilər. Bu adamlarda illər öncə damar endotelləri pozulub, bir stimuləedici məqam gözləyirlər ki, tromblaşsın. Bu stimulyator da kovid oldu.
Türkiyədə, xüsusən Azərbaycanda məni bir şey heyrətləndirir. Burada insanlar, əsasən yaşlılar su içmir, suyu sevmirlər. Çay içirlər, bitir. İnsan yaşlandıqca orqanizm daha çox quruyur, susuzlaşır. Yaşlılar susuz bədəndə qalır. Susuz bədəndə də tromblaşma riski yüksəkdir.
Bilirik ki, insult, infarkt ən çox gecə yuxuda olur. Niyə? İnsan saat 7-8 də az miqdar su içir və yatmağa gedir. 50-60 yaşlı kişilərdə prostat böyüməsi də olur, gecə tualetə getməyim deyə, su içməzlər.
Susuz bədən səhərə kimi daha susuz qalar. Qanin qatiligi artar, gecə yuxuda insult, infarkt riski yüksələr. Bizim yaşlıları istədi-istəmədi su içməyə məcbur öyrətmək lazımdır. Qazsız təmiz suyu qaynatmadan sərin-otaq temperaturunda içmək mütləqdir. Yatmazdan əvvəl 1 stəkan su içilərsə, gecə insultlarının qarşısı xeyli alınar.
Bəzi xəstələrə qandurulasdırıcı yazılır. Xüsusən ürək damar əməliyyatlarından sonra. O dərmanı içəndə də su içmək lazımdır. Bir -iki qurtum su ilə bu dərmanları içmək işə yaramır. Bədəninizdə su dövr etməlidir. Qanı durulaşdıran sudur.
Zatən damar sistemi pozulmuş, susuz orqanizm, yaşı yüksək, daha çox da kişilər kovidin vaskulit təsirindən ağırlaşır.
Qanı qatı olan insanda qan damardan bal kimi ağır axar. Balı bir kapilyarın içindən keçirmək mümkündürmü? Xeyr.
Kovid zamanı qanın duru olması şərtdir. Bunu artıq bütün həkimlər bilir. Kovidli xəstənin rutin analizlərində qan və tromb analizləri incələnir, qandurulaşdırıcı, heparin, kleksan lazım gələrsə edilir. Qanın tromblaşmasını artıran səbəblər aradan qaldırılmalıdır. İşin profilaktikası təkcə kovid və fəsadı deyil.
Ateroskleroz dediyimiz xəstəliyin profilaktikası lazımdır. Bəlli yaşda xəstələrdə yaşlılarda ateroskleroz olarsa, kovid keçirdiyi zaman infarkt, insult riski artar.
Virus mədə-bağırsaq sistemini də tutur və orda da damarlar var. Kəskin qarın dediyimiz ağrılar baş verir, koviddən sonra bağırsaq divarı deşilməsi ilə gələn xəstələr belə olur. Bəzi xəstələrdə bagirsaq divar deşilməsi qarın arteriyalarının, venalarinin tromblaşmasına bağlı olur. Bağırsaq damarlarında tromblaşma, bağırsaq infarktı ola bilər.
Covid 19 deyilən virusun tamamilə elm və tibbin kənarında olan, bütün dünyanı hazırlıqsız yaxalayan süni bir virusdur düşünürəm.
- Kovid virusunun yaranması, davranışı,müalicəyə tabe olmaması bir çox elm adamlarını 2 tərəfə bölüb. Bir qrup düşünür ki, belə virus süni yaradılmış ola bilər. Çünki kovid çox zəkidir. Siz müşahidələrinizə əsasən, öz beyninizdə hansı qərarı vermisiz: Kovid təbii mutasiyalı virusdur, yoxsa süni bir virus?
- Elmdə heç bir sübut olmadan inanıram və ya inanmıram deyə bilməzsiniz. Amma elmdən kənar şəxsi fikrimi soruşsaz, bütün baş verənlərə baxanda mən koronavirusun süni yaradıldığına inanıram. Həqiqətən də çox aqressiv virusdur.
Koronavirus keçmiş zamanlardan var, bu yeni bir şey deyil. Amma Covid 19 deyilən virusun tamamilə elm və tibbin kənarında olan, bütün dünyanı hazırlıqsız yaxalayan süni bir virusdur düşünürəm.
Meydana çıxan gündən yayılmasının qarşısı bəlkə də bilərəkdən, iqtisadi səbəblərdən alınmadı. Pandemiyanın olacağı vaxtında öncədən görülmədi, tədbirlər düzgün planlanmadı. Virusun özü bir günahkardır, onu süni olaraq hazırlayan (?) bir günahkar, buna hazırlıqsız yaxalanan və erkən tədbir görməyən bir çox qurumlar, insanlar günahkardır.
Bu gün cəmiyyətin bəlli faizi virusun varligina inanmır.
Amma koronavirus yoxdur deyə bilmərik. Virus var, insana yoluxur da, xəstələndirir də, öldürür də. Bir çox insan deyir ki, xəstələnim sağalım, olsun bitsin, canım qurtarsın. Yox. Bu xəstəliyin hansı insanda neçə keçəcəyini, fəsad qoyacağını bilə bilməzsiz. Çox cavan xəstələr var, ağciyərində salamat yer qalmayıb, beynində problemlər, ürəyində problemlər.
Xəstəlik bir şahmat kimidir. Virus bir gediş edir, insan bir həmlə edir. Bunun nə qədər davam edəcəyini, virusun qarşımıza nə çıxaracağını bilmərik. Zəkamızı işə salıb, bu oyunu sona kimi oynamalıyıq.
- Sizcə pandemiya nə qədər davam edəcək, sonunu nə vaxt görürsüz?
- Baxın, əgər bu təbii mutasiyalı, tibbə elmə məlum koronavirus olsaydı, əvvəlki epidemiyalara baxaraq təxmin edə bilərdik. Epidemioloqlar virusların tarixdə nə qədər yaşadığını bilər. Bu virus ucun de öngörülər deyə bilərdilər.
Bircə o məlumdur ki, virus nəzarətdən çox çıxmadı. Əgər kontroldan çıxsaydı, ölkələrin durumu daha pis olardı, ölümlər də çox olardı. Bir çox ölkələrdə hətta karantin tədbirləri aradan qaldırıldı. Kovidi adi mövsümi virus kimi qəbul etdilər. Lazımi tədbirlərə insanlar əməl edərsə, belə də olacaq.
Cəmiyyətin xəstəlik qarşısında yekdil fikri olmalıdır. İnsanlar kovidi qəbul etməli, bilməli, inandı, inanmadı, süni ya təbii oldu olmadı, mübarizə tədbirlərini təkcə dövlətin üzərinə atmamalıdır. Xalq özü də dövlətə dəstək olmalıdır. Bu qərarları qəbul etməmək, xəstəliyi, peyvəndi heç saymaq, mənə heç nə olmaz deməklə pandemiyaya qalib gəlmək olmaz. Bir müharibə olsa, xalq ikiyə bölünürmü? Yox. Bu da bir hərbdir, müharibədir. İkiyə, üçə bölünmək olmaz.
Virus çox ağıllıdır. İnsan da zəka sahibidir. Zəkası olan insan adaptasiya olmağı bilməlidir. Dəyişən vəziyyətə görə dəyişən qərarlar almaq lazımdır. Yeni variantlara adaptasiya olacağıq. Biz zəkaca virusdan üstün olmalıyıq.
- Doktor, 1 ildir biz kovidin müalicəsində əsas qanın qatılaşması göstəricilərinə diqqət yetirmək barədə yazırıq. Siz necə düşünürsüz, testin cavabı çıxana kimi, hətta KT-dən öncə insan hansı analizlər verməlidir?
- Birinci ilk simptomlaırn düzgün təyinidir. Kovid şübhəsi varsa, mütləq birinci infeksionist həkimə getməlisiz. Özbaşına KT çəkdirmək, analizlər vermək, dərman almaq olmaz. İnsan üçün özünə həkimlik etməkdən təhlükəli bir şey yoxdur.
Biz çox görürük, özbaşına gəlir ki, deyəsən kovidəm, KT edin. Bu işin uzmanları var. Ən erkən fazada həkimə getməlisiz, artıq o analizləri zatən həkimlər bilir. Qanın laxtalanması, D Dimmer, ağciyərlərin müayinəsi. Rutin müayinə protokolu var.
Ən böyük xəta gecikmək və özbaşına müalicədir.
Həm də süni yaradılmış qorxular var, xəstəxanadan, koviddən qorxu. Bunlar insanları çəkindirir. Qorxuları yıxıb getmək lazımdır.
Kovid olmaqdan qorxmaq lazım deyil. Hər şeydən öncə kovidə yoluxmamağa çalışmaq lazımdır. Virusun istədiyi nədir: ölməyib, ortadan yox olmaması. Virus yaşamaq-var olmaq istəyir. Yaşaması üçün də insanlar yaşamalıdır.
- Kovid olub sağalmaqla da hər şey bitmir. Bu da asan deyil. Artıq tibb post kovid, kovid sonrası fəsadlarla uğraşır. Koviddən sonra siz xəstələrdə nə ilə qarşılaşdız və tövsiyələriniz nədir?
- Yenə də risk qrupunda olan insanlar var ki, koviddən oncə də orqanizmdə problemləri var idi. Onlar yaxşı bilir ki, ildə 1-2 dəfə rutin yoxlanmalıdır: qan, damar, ürək, baş, böyrəklər. Burda kişilər daha çox təhlükədədir. Qadınlar bir qədər qorunmuş və şansı gətirmişdir. Təbiət qadınlara sağlamlıq baxımdan üstünlük verib.
Ona görə yaşı 50-dən yuxarı olan kişilər koviddən sonra qan dəyərlərinin normallaşmasını görmədən arxayın olmasınlar.
Uzanmış kovid dediyimiz sindrom var, buna qarşı da müalicələr aparılır. Kovid keçirənlərdə beynin boz maddəsi bir az daha azalır. Daha yaşlı xəstələrdə zatən azalmış bu maddə lap azalır, beynin koqnitiv-insani funksiyaları, yaddaş pozulur. Bir az keçsə demensiya, Alsheymerlər arta bilər. Onları da təqib altında tutmaq lazımdır.
Gənc xəstələr, xüsusən 40-50 yaşlarda daha çox beynimdə sanki bir səs duman var, başım ağırdır, fikirlərimi cəmləyə bilmirəm, dağınığam, yaddaşım zəifləyir deyə şikayətlənir. Buna qarşı gənclərdə ediləcək cox sey vardir, beyni aktivləşdirən məşğələlər edəcəklər, aktiv həyat tərzi, düzgün qidalanma, əsas da ailə və yaxınların sevgisi ilə boz maddəni artıra biləcəklər.
Əsas sıxıntı yaşlı xəstələrlə bağlıdır.
60 yaşdan yuxarı siqaret çəkən, şəkəri, təzyiqi, artıq çəkisi, ürək-damar xəstəliyi olan hər kəs kovid oldu-olmadı, 6 aydan bir rutin müayinədən keçməlidir. Damar sisteminin 100 %-lik diaqnozunu saglayan dopler ultrases müayinəsi var. İstənilən orqanın damarlarlarının doppleri mümkündür.
İnsanları qorxutmaq da lazım deyil. Sadəcə çek apdan keçsinlər yetərlidir. Necə ki, hər insan maşınının hər 12 aydan bir yağını dəyişməyə gedirsə, öz bədənini də elə yoxlatmalıdır.
Maşını, evini fikirləşdiyi qədər, bir az da canını fikirləşsin.
Qanın durulmasını istəyirsənsə, su iç, hərəkətdə ol, qan durulaşacaq.
- Profilaktik məqsədilə aspirin, kardio maqnil kimi dərmanlar içmək olarmı ki, qanımız daha duru olsun?
- Xeyr, sadəcə profilaktika və qanım duru olsun deyə bu dərmanları içməyə ehtiyac yoxdur. Çünki hər bir dərmanın əks təsiri var. Aspirin kimi ucuz dərman bir möcüzədir. Amma onun da yan təsirləri var.
Riskli xəstəsizsə, qan analizləriniz və müayinələriniz pisdirsə, həkim bunları xəstəyə yazır. Risqiniz yoxsa, qanın durulmasını istəyirsənsə, su iç, hərəkətdə ol, qan durulaşacaq.
- Peyvənddən sonra qanda tromblaşma, qatılaşma və bəzi xəstəliklərin kəskinləşməsi mümkündürmü? Peyvənddən sonra hansı tədbirləri görməliyik?
- Müəyyən xəstələr qrupu var ki, əks-göstəriş səbəbi ilə onlara peyvənd olunmur. Bu Azərbaycanda da belədir. Peyvənddən sonra tromblaşma riski var, bunu danmaq mümkün deyil, elmi tədqiqatlarda sübut olunub.
Bəzi peyvəndlərdə daha çox olduğu görüldü. Dünya o vaksinləri dayandırdı. Bəzi peyvəndlərdə isə bu risk azdır: 100 mində bir iki nəfərdə. Çox sayda insanı koviddən ölümdən qorumaq üçün bu riskə getmək olur.
Bir peyvəndin peyvənd olaraq qəbul olunması. təsirlərinin tam öyrənilməsi üçün zaman və çox sayda fazlar keçməsi lazım idi. Amma dünya fövqəladə bir rejimdə olduğu üçün, vəziyyət təcili idi. Bu səbəbdən kovid peyvəndləri təcili olaraq istifadəyə verildi.
Əgər peyvənddən sonra yaşlı-risk qrupunda, xroniki xəstəliyi olan bir insan daha ağır simtpomlar keçirərsə, mütləq kovidə yaxalanmış kimi davranıb, müayinədən keçməli, lazımi analizləri verib, həkimlə məsləhətləşməlidir.
- Bəs siz peyvənd olunmusuzmu?
- Bəli, 3 doza peyvəndi olunmuşam. Bundan sonrakını da düşünəcəm. Vəziyyətə baxacam. Sah Mat kimi...
Mənim doğru qəbul etdiyim tək şey qorunma tədbirləridir.
Mən və ailəm hələ Çində kovid var deyildiyi gündən maska ile gəzdik. Pandemiyada iş yerimdə 2 qat maska (mütləq ağzımı-burnumu tam örtmək şərtilə) taxıram. Prinsipcə virus filtrəsi vəzifəsi daşıyan bir maska bir qorunmadırsa, deməli, ikisi daha yaxşı qoruyar. Təbii ki, yoluxma riskinin az oldugu park-dəniz kenarı, ev kimi yerlerde maskasız və ya bir maska ilə gəzirəm.
"Sənin maskan məni, mənim maskam səni qoruyar" Özünü fikirləşmirsənsə də, digər insanları fikirləş.
Peyvəndlənmənin faydalı olduğu, ölüm faizini saldığı və xəstəliyi daha yüngül keçirməyə səbəb olduğu görüldü. Bəlkə 2 il sonra başqa şeylər deyiləcək, başqa peyvənd olacaq. Bəlkə də peyvənd lazım deyildi deyiləcək. Bu an üçün elmə və təcrübəyə görə xəstəliyə yaxınlaşmalıyıq,``Akıllı-Fleksibl`` olmalıyıq. Dediyim kimi, koronavirusla məcbur şahmat oyunundayıq. Biz virusdan əvvəl doğru qərarları, tədbirləri almalıyıq. Bu oyunda uduza bilmərik. /medicina.az