Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 22:28
Əfqanıstanda ilin sonuna qədər ən azı bir milyon uşaq qida çatışmazlığı səbəbindən ölə bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
"Əfqanıstanda aclıq səhiyyə qarşısında duran əsas problem kimi artmaqda davam edir. Hesablamalara görə, 5 yaşınadək təxminən 3,2 milyon uşaq ilin sonunadək qida çatışmazlığı ilə üzləşə, azı bir milyon uşaq isə aclıqdan ölə bilər", - deyə hazırda Əfqanıstanda səfərdə olan Marqaret Harris bildirib.
Onun sözlərinə görə, ÜST Əfqanıstanın 23 əyalətindəki 47 tibb müəssisəsinə uşaqlarda qida çatışmazlığının müalicəsi üçün vasitələr göndərib, lakin bu, dəryada damla qədərdir.
Qeyd edək ki, "Taliban" hərəkatı avqustun 15-də paytaxt Kabilə daxil olaraq hakimiyyəti ələ aldıqdan sonra Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ABŞ Federal Ehtiyatlar Sistemi Əfqanıstanın beynəlxalq fondlara çıxışını bağlayıb. Ağ evin Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını dondurması və dünya ölkələrinin "Taliban" hökumətini tanımaması ölkədəki iqtisadi böhranı daha da dərinləşdirib. Ekspertlər ölkənin sürətlə iqtisadi fəlakətə doğru getdiyi barədə xəbərdarlıq edib.