Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İman və ümid

İman və ümid

Tarix: 13 Noyabr 2021 21:22

Mömin nə qədər ümidli olmalıdır?

İnanan insan ümidlidir və ümidi də inancı nisbətindədir. Buna görədir ki, sağlam inancın məhsulu olan bir çox şey bəziləri tərəfindən möcüzə zənn edilir. Əslində, ümid, əzm və qərarlılıq imanla dolu bir qəlbə girincə bəşəri normalar aşılar. Bu səviyyədə könül dünyasına sahib ola bilməyənlər isə bunu qeyri-adi qarşılayarlar.

Əgər insan nəyə inanacağını düzgün seçibsə, artıq onun mənəviyyatında ümidsizlik və bədbinlikdən söhbət gedə bilməz.

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Ümid insanın öz ruhunu kəşf etməsi və ondakı iqtidarı sezməsidir. Bu sezişlə insan Qüdrəti Sonsuzla münasibətə girər bununla hər şeyə qadir güc və qüvvəti əldə edər. Bunun sayəsində, zərrə günəş, damla dərya, parça bütöv və ruh kainatın bir nəfəsinə dönər.

Həzrət Adəm (ə.s.) əzminin qırıldığı və canının boğaza gəldiyi bir dövrdə ümidlə silkələndi, "nəfsimə zülm etdim." - dedi və yenidən canlandı. Şeytan isə, könlündən axıtdığı ümidsizlik qan və irini içində çox çabaladı və nəhayət boğuldu...

Niyyət və məqsədin doğruluğu

Ümidli olmaq üçün əvvəlcə niyyət və məqsəd doğru seçilməlidir. Yəni möminin İslamı təbliğ üçün seçdiyi yol və yönəldiyi hədəf doğru olmalıdır. Onun məqsədi Uca Allahın dinini insanlara çatdırmaq, dünyada sülh və sabitliyin təmin olunması, insanları pis əməllərdən uzlaşdırmaq, gözəlliklər ətrafında birləşdirməkdir. Bütün bunlar yalnız Allahın rizasını qazanmaq üçün edilirsə, deməli, gedilən yol doğrudur. Bu yol əslində insanı Cənnətə aparan yoldur. Mömini bu yoldan başqa şeylər maraqlandırmamalıdır. Çünki o əvvəldən niyyət və məqsədini doğru seçməklə və doğru yolda irəliləməklə qazanmış sayılır. Düşünülən xeyir əməllərin və amalların həyata keçməsi, görülən işlərin nəticəsi isə Uca Allaha aiddir.

Bəzən Allah İslamı təbliğ edənlərə böyük lütflər edər. Bəzən də edilən xidmətlərin nəticəsi arzulandığı kimi olmaz. Bu cür vəziyyətlərdə mömin Allahın lütflərini özünə aid etməməli, nəticə görmədikdə də ümidsizliyə düşməməlidir. Çünki möminin vəzifəsi idealını (amalını) həyata keçirmək üçün səbəblərə riayət etməkdir. Nəticəni yaratmaq isə Allaha aiddir.

Ümidsizlik uca amallara çatmağa ən böyük maneədir. Türk şairi Mehmet Akif bunu bir şeirində çox gözəl ifadə edib:

Ümidsizlik elə bataqlıqdır ki, düşsən boğularsan.
Ümidə sarıl bərk-bərk, seyr et, nə olursan!
Əzmiylə, ümidiylə yaşayar yaşayanlar;
Məyus olan ruhunu, vicdanını bağlar.

Gələcəyə bədbin baxmaq gələcəyin həqiqətən də bədbin olmasına səbəb ola bilər.

Bəli, bir çox ayə və hədislərdə də bildirildiyi kimi möminlər gələcəyin gözəl olacağına inanırlar. Qarşılaşılan çətinliklər, yaşanılan bəla və müsibətlər işıqlı gələcəyə gedən yoldakı müvəqqəti fırtınaya bənzəyir.

Mömin dünyada bir çox problemlər və çətinliklərlə qarşılaşsa, hər tərəfdən təzyiqlərə məruz qalsa da, nəticədə hər şeyin düzələcəyinə inanmalıdır. Allahın razılığını qazanmaq yolunda irəliləmək üçün möminlərin bu cür iman və ümidə ehtiyacları var. İman və ümid əslində möminlərin güc mənbəyidir.

Əbu Süfyan Məkkə fəth olunanda gah səhabələrin mövcud vəziyyətinə baxır, gah da İslamın ilk başladığı günləri xatırlayırdı. Peyğəmbər (s.a.s.) İslamı təbliğə bir qadın, bir uşaq və bir kölə ilə başlamışdı. Nəticədə Məkkənin fəthindəki ehtişama çatmışdı. Əbu Süfyan bu mənzərələri xatırlayaraq təəccüblənirdi. Həqiqətən Rəsulullahın (s.a.s.) yanındakı çox az sayda kasıb səhabə qısa müddətdə böyük uğurlara imza atmışdı. Onların bu uğurlarının arxasındakı əsas səbəb iman, ümid, cəhd və qərarlılıqları idi. Çünki onlar getdikləri yolun doğruluğuna inanmış, rastlaşdıqları çətinliklər qarşısında ümidlərini əsla itirməmiş, dayanmadan məqsədlərinə doğru irəliləmişdilər. Bununla da kifayətlənməyərək inandıqları dini başqalarına təbliğ etmək üçün hər fürsəti dəyərləndirmiş və amallarına bağlı yaşamışdılar. Nəticədə Allah da onları məqsədlərinə çatdırmışdır.

Bəli, peyğəmbər yolunun yolçuları müxtəlif dövlərdə bəzi bəla və müsibətlərlə üzləşə bilərlər. Bəzi insanlar öz mənfəətləri naminə onlara zülm edə bilər. Unutmamaq lazımdır ki, başqalarının dünyəvi gücləri möminlərin iman və ümidləri qarşısında acizdir. Kənardan gələn hər hansı təsir uca məfkurəyə inanan insanları yolundan döndərə bilməz. Bir şərtlə ki, onlar daxili ahənglərini (tarazlıqlarını), birlik və bərabərlik düşüncələrini qorumağı bacarsınlar.

Mömin kənar təsirlərdən çox öz düşüncələrinə və əməllərinə görə narahat olmalıdır. Mütəmadi olaraq özünə "Gördüyüm işin haqqını verə bilirəmmi? Əlimdən gələni edirəmmi?" deyə soruşmalı və özünü hesaba çəkməlidir. Əsas məsələ özündəki nöqsanları görmək və onları düzəltməyə çalışmaqdır. Bunun xaricindəki şeylərə çox da əhəmiyyət verməmək lazımdır.

Əfsus ki, möminlər bu gün əsas amallarını unudaraq gündəlik məsələlərlə daha çox məşğul olurlar. Bu da dağınıqlığa səbəb olur. Halbuki mömin "İki əlim var. Yüz əlim olsa, İslama xidmət üçün görəcəyim işlərə bəlkə çatar." deyə düşünməlidir. Bu nöqteyi-nəzərdən möminlərin əsas işi, bütün güclərini dini təbliğ üçün sərf etməkdir. Bu məsələdə boşluq buraxmamalı, səhv etməməlidirlər.

Bu gün müsəlmanlar əvvəlki nəsillərin yanlışları nəticəsində əmələ gələn boşluqları doldurmaqda çətinlik çəkirlər. Ona görə də hamı üzərində düşəni haqqı ilə etməlidir ki, sonra gələn nəsillər çətinlik çəkməsinlər. Müsəlman olaraq sonra gələn nəsillər tərəfindən yaxşı xatırlanmağın və rəhmətlə anılmağın yolu bu gün üzərimizə düşən vəzifələri nöqsansız yerinə yetirməkdir. Bu gün hər mömin üzərinə düşəni edərsə, sonra gələn nəsillər "Allah onlardan razı olsun. Dayanmadan çalışmış, əllərindən gələni etmişlər." deyəcəklər.

Mömin olaraq buna qəti şəkildə inanmalıyıq ki, sağlam iman və ümidlə yolumuza davam etsək və üzərimizə düşəni yerinə yetirsək, Allah da bizə yardım edər. Necə ki, Allah Quranda belə buyurur:

"Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız."[1]

Ayədə də bildirildiyi kimi mömin olmaq və inanmaq üstünlükdür. Belə bir üstünlüyə sahib insanlar əzm və qətiyyətlərini davam etdirsələr daha üstün olarlar.

Rəsulullah (s.a.s.) Sevr mağarasına sığınanda dostu həzrət Əbu Bəkrə: "Qəm yemə, Allah bizimlədir!"[2] - demişdi. Bu nöqteyi-nəzərdən Allah bizimlə bərabər olandan sonra narahatlığa ehtiyac yoxdur. Əsas məsələ hər əməlimizdə və düşüncəmizdə Allahın istədiyi kimi olmağa çalışmaqdır. Əgər bu olarsa, Allah da möminləri yalnız buraxmaz, inayət və kərəmini onlardan əsirgəməz.

Allah haqqında hüsnü-zəndən ayrılmamaq

Hər insan başına gələnləri əvvəlcə şəxsi, sonra da məsul olduqları nöqteyi-nərəzindən qiymətləndirməlidir. Yəni belə deyə bilməlidir: "İndi başımıza nə isə gəlibsə, bu mənim ucbatımdandır. Yəqin ki, Allahla münasibətimdə hər hansı səhv etmişəm." Allah haqqındakı hüsnü-zənnimi qorumaq üçün hadisələrə bu cür yanaşmalıyıq. Çünki mömin Allahın bəndələrinə zərrə qədər zülm etməyəcəyinə inanır.

Bununla yanaşı hadisələri qiymətləndirərkən doğru yöndən yanaşmaq və pərdə arxasındakı səbəbləri də unutmaq olmaz. Ola bilər ki, bizim xeyir gördüyümüz şeydə əslində şər, şər gördüyümüz şeydə isə xeyir var. Ola da bilər ki, Uca Allah başımıza gələn hər hansı hadisəni günahlarımıza kəffarə etmək və bizi arındırmaq istəyir. Və ya məqsədi bizə həqiqətləri daha yaxşı göstərməkdir. Beləcə, bizi həqiqi tövhidə yaxınlaşdırır.

Allah, yolundan azanlara və ya qəflətə düşənlərə də yardım etmək istəyir. Onları oyandırmaq üçün bəzən iynə ilə, bəzən qıyıqla, bəzən də mizraqla "toxunur". Bəzən də çox ağır şeylərə mübtəla edir. Bunların hər biri əslində bir şəfqət silləsidir. Bu cür hadisələrə sadəcə zahiri yönləri ilə baxsaq, onların əleyhimizdə olduğunu düşünə bilərik. Əslində isə Allah bunlarla gözümüzü açır və bizi üxrəvi fəlakətdən qurtarır.

Yəni Uca Allah dininə biganə yanaşan, üzərinə düşəni yerinə gətirməyən möminləri zahiri yöndən kədərli görünən bəzi bəla və müsibətlərə mübtəla edir. Bununla onlara əsl vəzifələrini xatırladır. Yəni bunların hər biri mənəvi olaraq dağınıqlıq yaşayan insanlara edilən tənbehlərdir. Bir mömin istər zəlzələ, fırtına, sel, quraqlıq kimi təbii fəlakətləri, istərsə də düşmənçilik hislərinə məğlub olan bəzi insanların etdiyi zülmləri tənbeh olaraq anlamalı və lazımi dərslər çıxarmalıdır.

Əslində Allahın möminləri müəyyən müsibətlərlə dünyada ikən arındırması böyük nemətdir. Bu nöqteyi-nəzərdən möminlər də bu tənbehləri iltifat və lütf kimi qəbul etməli, özlərini düzəltməyə, hərəkət və davranışlarına çəki-düzən verməyə çalışmalıdırlar. Belə düşünməlidirlər: "Palçığa batmışdıq. Bizi tərbiyələndirən Zat qulağımızdan tutaraq bizi oradan çıxardı və ora girməməyi tapşırdı."

Rəsulullah (s.a.s.) da bir hədisində:

"Möminin hər halı təqdirəlayiqdir. Niyə də olmasın; onun hər işi xeyirdir və bu da yalnız möminə xas xüsusiyyətdir. O, gözəl hadisələrlə qarşılaşarkən şükür edir ki, bu, onun üçün xeyirlidir; başına bir müsibət gəldikdə isə səbir edir ki, bu da yenə onun üçün xeyir olur (onun xeyrinədir)."[3] - buyuraraq bəla və müsibətlərin belə möminin xeyrinə olacağını bildirmişdir.

Xülasə, mömin istər müəyyən uğurlar qazansın, istərsə də bəzi çətinliklərlə qarşılaşsın, istənilən halda qazanmaq yolları ona açıqdır. Onun üçün itirməkdən söhbət gedə bilməz. Buna nail olmağın isə sadəcə bir şərti var: Allah və hadisələr qarşısında mömin kimi durmağı bacarmaq və əsla ümidini itirməmək. Əslində məğlub olan dəlalət, nifaq, küfr və zülm əhli olacaq. Onlar dünyadakı süni uğurlarına aldansalar və müxtəlif üsullarla dünyada üstün olsalar da axirətdə iztirabdan qurtula bilməyəcəklər.

[1] Ali İmran surəsi, 3/139.
[2] Tövbə surəsi, 9/40.
[3] Müslim, Zöhd, 64.


Etiketlər:  İman ümid


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ