Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyana “zəhər” verənlər var

Paşinyana “zəhər” verənlər var

Tarix: 18 Noyabr 2021 17:20

"Bizim bütün siyasətimiz Ermənistanı yerində oturtmağa yönəlib". Bu sözləri Modern.az-a Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar haqqında danışarkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Ermənistanın içərisində elə bir vəziyyət yaranıb ki, bəzi qüvvələr revanşist ideyalarından əl çəkmirlər:

"Bu "zəhəri" isə onlara verənlər var. Nikol Paşinyan ikinci dəfə səhv etdi. İlk dəfə onun səhvi birbaşa hakimiyyətə gələndən sonra Azərbaycan prezidentinin yürütdüyü məqsədyönlü siyasəti dərk etməməsi, anlamaması, sələfləri Robert Koçaryan və Serj Sarkisyanın yolunu davam etdirib provakasiyalara əl atması oldu. Bu isə müharibəyə gətirib çıxardı. Azərbaycanın düşünülmüş siyasəti, Ordumuzun qüdrəti sayəsində 44 gün ərzində Ermənistan tamamilə diz çökdürüldü.

Erməni xalqı bunu görərək, Nikol Paşinyana ikinci dəfə mandat verdi ki, müharibədən əl çəksin, sülh haqqında danışsın, Azərbaycanın düşündüyü sülh layihələrinə qoşulsun. Ermənistanın çıxış yolu ancaq budur. Paşinyan isə ikinci dəfə mandatın mahiyyətini dərk etməyərək, yenə səhv edir və provakasiyalara əl atır. Nikol Paşinyan popülist siyasətçidir. Bu isə özlüyündə belə hadisələrə gətirib çıxarır".

Hazırda Vaşinqtonda səfərdə olduğunu vurğulayan komitə sədri amerikalı rəsmilərlə bir sıra görüşlər keçirildiyini söyləyib:

"Azərbaycan nümayəndə heyəti olaraq Amerika konqresmenləri ilə görüşürük. Məhz bu hadisələrin mahiyyətini onlara izah edirik. Hesab edirəm ki, bu çox vacib və əhəmiyyətli məsələdir ki, birbaşa ABŞ-da bu istiqamətdə iş aparılsın".


Etiketlər:  Paşinyana zəhər verənlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR