Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2021 23:48
Endometrit uşaqlığın selikli qişasının iltihabıdır. Bu patologiya uşaqlıq boşluğunda aparılan əməliyyatlardan sonra inkişaf edə bilər. Diaqnostik qaşınma, abortlar, doğuş, uşaqlıqdaxili kontraseptivlər - spiralların istifadəsi həmin xəstəliyə səbəb olan amillər arasındadır. Uşaqlığın selikli qişası, yəni endometrium iki qatdan ibarətdir: funksional və bazal qatlar.
Endometrit zamanı funksional qatla bərabər bazal təbəqə də zədələnir. Həmçinin iltihabi proses selikli qişaya hissəvi və ya tamamilə yayılır. Ağır formalı endometritlərdə proses əzələ qatına keçir, bu da diffuz və ya ocaqlı endomiometritlə nəticələnir.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin birinci mama-ginekologiya kafedrasının dosenti, mama-ginekoloq Natəvan Axundova məlumat verib.
"Endometriti spesifik və qeyri-spesifik infeksiyalar törədə bilər. Spesifik infeksiyanı xlamidiya, vərəm çöpləri, qonokokk və digər törədicilər yaradır. Çox zaman iltihabi proses limfa və qan damarı ilə əzələ qatına və parametriuma, yəni uşaqlıqətrafı toxumaya keçir. Diaqnoz anamnez, klinik simptomlar, yaxmanın bakterioloji və bakterioskopik müayinələrinə əsasən qoyulur.
Endometrit kəskin və xroniki olur. Xroniki endometrit çox vaxt vərəm çöpləri tərəfindən yaranır. Həmçinin düzgün müalicə olunmamış kəskin endometrit də xroniki endometritə səbəb olur. Uşaqlığın tez-tez diaqnostik qaşınması da xroniki endometritlə nəticələnə bilər.
Kəskin endometritdə qanın ümumi analizində leykositoz və eritrositlərin çökmə sürətinin artması müşahidə olunur. Bununla yanaşı, hərarətin yüksəlməsi, ifrazatın artması, uşaqlıqda palpasiya zamanı ağrılar qeydə alınır. Xəstəlik 8-10 gün ərzində davam edir, düzgün müalicə aparıldıqda sağalma baş verir. Bəzən isə kəskin endometrit xroniki endometritə keçir". /medicina.az